“Fikrimcə, Azərbaycan dünyanın ən güclü komandasıdır” (MÜSAHİBƏ)

Futbolun bəzəyi azarkeşlərdir. Komandalarını ev və səfər oyunlarında dəstəksiz qoymayan həqiqi futbol fanatları oyunların daha gözəl atmosferdə keçməsinə səbəb olur. Bir müddət koronavirus pandemiyası səbəbindən oyunların azarkeşsiz keçməsi fanatların matçlarda necə böyük rol oynadığını bir daha sübut etdi.

Lerikdən olan futbol azarkeşi Bəxtiyar Əliyevlə azarkeşlik, futbol və digər məsələlər haqda danışdıq…

– Əvvəlcə futbola olan seviginizin necə yaranmasından bəhs edərdiniz…

– Belə demək mümkündürsə, “sovet məktəbi” azarkeşlərindənəm. 1980-ci illərdən “Neftçi”nin oyunlarını izləyirəm. “Ağ-qaralar”ın fan-klubunu yaradanlardan olmuşam. 4 nəfər olmuşuq. Azarkeşlik təcrübəm çoxdur. Tək futbolda deyil, digər idman növlərində də millinin üzvlərinə azarkeşlik etmişəm. Güləş üzrə dünya çempionatlarında iştirak etmişəm, Tehranda keçirilən güləş üzrə Dünya Kubokunda komandaya təkbaşına azarkeşlik etmişəm. Özü də 4000 iranlıya qarşı, VİP sektorda polislərin nəzarəti altında Azərbaycanı dəstəkləmişəm. Bilirəm ki, tək azarkeşlik etmək necə olur. Xaricə gedirsən, tək olursan, lakin özünlə azı 3-4 bayraq aparmalısan. Onları bir neçə yerdən asırsan, çox görünür. Yanındakı xarici azarkeşdən xahiş edirsən ki, al bu bayrağı tut, şüarlar zamanı sənə əl çalmaqla dəstək olurlar və s.

– Sonuncu dəfə minifutbol üzrə Avropa çempionatında da azarkeş kimi iştirak etmisiniz…

– Bəli, Avropa çempionatına xanımımla azarkeş kimi yollanmışdım. Arenada 20-30 azarkeşə qarşı mübarizə aparırdım. Bilirdim ki, nə zaman, hansı şüarı, necə səsləndirmək lazımdır. Bir növ ev tapşırıqlarını əvvəlcədən hazırlamışdım. Yüksək səviyyədə yığmamıza dəstək oldum. Komandamızın mətbuat üçün açıq məşqində iştirak etdim, orada federasiya rəsmisi Sərxan Abışova bildirdim ki, millimizi oyunlarda dəstəkləyəcəyəm. Onlar da söz verdilər ki, hər matç üçün məni biletlə təmin edəcəklər. Federasiya bilet baxımından mənə köməklik etdi. Heç vaxt onlardan maddi cəhətdən nəsə güdməmişəm. Düzdür, Azərbaycandan futbolçuların ailə üzvlərindən gedənlər var idi. Lakin yaxşı olardı ki, həmçinin azarkeşlərin də səfəri təşkil edilsin. Mən onlardan xahiş edirdim ki, heç olmasa, 44-cü dəqiqədə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirəndə mənə qoşulun. Həmçinin federasiya işçilərinə də şüarlar səsləndirmək qadağan idi. Tək qalırdım. Bəzən kameralara da işləyirdim ki, məni çəksinlər, bayrağımız görsənsin. Bolqarıstanla oyunda rəqibi 20-dən çox azarkeş dəstəkləyirdi, amma tək onları üstələdim. Həmçinin, belə məqamlarda qaldığın yerə də diqqət etməlisən. Qaldığım hotel yarışın keçirildiyi arenaya yaxın idi. Orada da şəxsi büdcəm hesabına qalırdım. Yaxın seçməyimin məqsədi də o idi ki, oyunlara gecikməyim. Azərbaycanın 3 qrup və 1/8 final oyununu izlədim və hər birində qələbə qazandıq. Ölkəyə qayıtmalı idim. Gedəndə dedim, komanda sizə əmanət. Təəssüf ki, Qazaxıstana qarşı oyunda məğlub olduq. Qoymazdım o oyunda məğlub olaq. Penaltilər seriyasında rəqibə elə basqı edərdim ki, çətin olardı onlar üçün qol vurmaq. Türkiyəli futbolçular da oyunlarımızda bizə dəstək olurdu. Hətta maraqlı faktı deyim ki, onlar bizim oyunçuları çox yaxşı tanıyırdılar. Elvin Əlizadənin oyununu necə müzakirə edirdilərsə, sanki Ronaldodur. Bizim oyunçular çox məşhurdur. Nəinki türklər, digər komandalar da bizim oyunçuları izləyirdilər. Fransanın məşqçilər heyəti bizim futbolçuları analiz edirdilər. Təssüf ki, sona qədər uğurla çıxış edə bilmədik.

– Tribunada tək olmaq, dayanmadan dəstək durmaq da asan iş olmaz, yəqin…

– Bizdə xanımlar futbola çox getmir. Amma Avropada hər futbol yarışı bayram kimidir. Xaricdə ailəlikcə gedirlər. Bildim ki, əlimdən gələni etdim. Bütün bunlar öz effektini göstərdi. Milli forma, aerodrom papağı, səs-küy, qeyri-adi qara bığlı adamlar, hicablı xanım onlara qəribə gəlirdi. Başa düşülürdü ki, müsəlman ölkəsindən gəlib. Müsəlman olduğumuz üçün bizə qarşı məhəbbətləri var idi. Yaxınlaşıb “Azərbaycan! Azərbaycan!” deyirdilər. Hətta bəziləri bayrağımızı istəyirdilər, xahiş edirdilər, deyirdilər ki, “olar bayrağı verəsiniz? Sizin ölkəyə qarşı məhəbbətimiz var”. Öz ölkələri olmasa idi, bizim ölkəyə azarkeşlik edərdilər. Demək olar ki, adlarımız eynidir. Sadəcə soyadlar onlarda “oviç” bizdə isə “ov”la bitir. Dediyim kimi, azarkeşlər məndən bayraq və s. çox istəyirdilər. Hər zaman üstümdə ölkəmizi təmsil edən suvenirlər, breloklar olardı. Bu dəfə planlanmadan, tələsik getdiyim üçün hazırlıqlı deyildim. Çox qısa müddətdə qərara gəldim və bilet məsələsini həll etdim. Mənim ora getməyim üçün çox səbəb var idi. Həm vizasız, müsəlman ölkəsi olmağı, həm də heç getmədiyim bir yer olmağını deyə bilərəm. Ondan sonra veteranlar üzrə Avropa Çempionatı keçirildi. Təəssüf ki, günlərini çatdıra bilmədim. Bilsəydim, qalardım. Sadəcə bilet məsələsi üçün narahat oldum. Hazırda düzgün bilet sistemi qurmaq çox çətindir. Əlimdən gələni etdim. Mən orda olanda komandamın çox uğurlu mübarizə apardığını müşahidə edirdim. Təmkin Xəlilzadənin qolundan sonra hesab 2:1 oldu, bildim ki, qazanacaqlar. Bayrağı qatlayıb əl etdim ki, mən gedirəm. Təbii ki, bolqarları da xəfifə almaq olmaz. Uduzmaq ehtimalımız da var idi. Amma Təmkinin qolundan sonra bildim ki, bizim komanda əks-hücumda qol vuracaq. 2 hücumçumuz hazır gözləyirdi. Biri vurmasa, o biri vuracaqdı. Mən artıq oyunu oxuyurdum. İşimi bitirmişdim, bilirdilər ki gecikirəm. Tam dəstəyimi göstərdim. Bir çox şəkil, kadr əldə olundu. Maraqlı faktlardan biri də odur ki, rusiyalı azarkeşlər bizə tərəf idi. İki ailənin şəkilləri məndə var. Bizim rusca bilən futbolçulara yaxınlaşdılar. Dedilər ki, Rusiya olmasa da, siz burdasınız, biz sizin tərəfinizdəyik. Uğur arzu etdilər. Şüarları deyə bilməsələr də, müəyyən hərəkətlərindən bilinirdi ki, bizi necə dəstəkləyirlər.

 

– Necə düşünürsünüz, məğlubiyyətə nə səbəb oldu?

– Bilirsiniz, qrupda bir oyunu uduzmalı idik ki, final yolumuz onda daha asan olacaqdı. Qrup birincisi olduq və bizi Qazaxıstan, Rumıniya kimi komandalar gözləyirdi. Komandada analitiklər olmalı idi. Qrup lideri olduq, Bolqarıstanla çətin oyun keçirdik, qazaxlarla isə penaltilərdə bacarmadıq. 3-cü qapıçını belə bəzi oyunlarda buraxmaq lazım idi. Hətta deyərdim ki, bizim üçüncü qapıçımız var idi ki, onun işi ancaq penalti zərbələrini dəf etmək idi. Lakin penalti zərbələrində qapıda heç Davud Kərimov dayanmadı. Penalti zərbələrini də müdafiəçi vurmalı deyildi. Xüsusən də onun boyu hündürdürsə. Hücumçular düzdür, öz aralarında danışırdı. Həyəcanlı idilər. Bizim milli çempionluğa layiq idi. Futbolçular da demək olar, buna hazırlaşırdılar. Gücümüz olsa da, taktika yox idi. Dediyim kimi, qrupda bizim ikinci olmağımız daha yaxşı olardı. Digər final yolu ilə getsəydik, inandırım sizi ki, çempion olacağıqdıq. Xırda səhvlər bizə mane oldu. Futbolçular çox inamlı idilər. Özləri də qeyd edirdilər, lakin alınmadı. Bolqarlarla oyunda oyunçularımız yoruldu, Qazaxıstanla oyunumuz isə alınmadı. Bizdən üstün çıxış etdilər. Onlar nəticəyə oynadılar. Tarixdə nəticə qalır. Federasiya oyunçular üçün əllərindən gələni edir. Hər bir komanda üzvü çempionluğa hazır idi. Lakin bir daha qeyd edirəm, xırda səhvlər bizi çempionluqdan məhrum etdi. Qalib heyəti dəyişməzlər. 2022-ci ildəki heyət qorunmalı idi. Bildiyimə görə, millinin üzvü və “Baku Sportinq”in futbolçusu Bəxtiyar Sultanovun qarşısına şərt qoyulubmuş ki, ya yığmanı seç, ya klubu. Bu nə dərəcədə düzgündür? İnsanlar bu bayrağa, milliyə görə canlarını qoyur. Sözün əsl mənasında komandamızın ağsaqqalı, sözükeçən biri yox idi. Bir sözlə, bacardığım qədər komandaya dəstək oldum. Bosniyalıların da bizə qarşı məhəbbəti var idi. Müsəlman idik, simpatiya bəsləyirlər. Məndən Azərbaycanın bayrağını aldılar. Öz komandalarından sonra Azərbaycana azarkeşlik edirdilər. Rusiyalı vətəndaşlar da Azərbaycanı dəstəkləyirdilər. Bizim oyunçularla şəkil çəkdirdilər.

– Minifutboldan danışdıq, indi keçək böyük futbola. Bildiyim qədər yığma komandanın da bütün oyunlarını izləyirsiniz…

– Milli komandanın oyunları mənim üçün bayramdır. 2 gün əvvəldən matçlara hazırlaşır, təhlillər aparıram. Fikrimcə, Azərbaycan dünyanın ən güclü komandasıdır. Bəzən oyunlardan əvvəl sosial şəbəkələrdə yazırlar ki, onsuz da məğlub olacağıq. Amma mən deyirəm ki, azı 3 qol vurub, qalib gələcəyik. İsveçlə oyundan əvvəl xaricdən qonağım var idi, demişdim ki, matçı 3:0 hesabı ilə qalib tamamlayacağıq. Doğrudan da hesab dediyim kimi oldu. Onlar da təəccüblü qalmışdı. Xırda səhvlərimiz olur, daha çox fərdi səhvlər üstünlük təşkil edir. Məsələn, Albaniya ilə oyunda Bəhlul Mustafazadənin müdafiədəki səhvi, həmçinin Şahruddinin etdiyi nöqsanlar uduzmağımıza səbəb olur. Son dövrlərdə Belçika ilə oyunu çıxmaq şərti ilə aşkar şəkildə məğlub olmamışıq. Lukakunun qarşısında biz aciz idik. Fransa ilə 0:10 hesablı oyunda da birinci topa qədər yaxşı oynadıq. 0:3-dən sonra qapıçı dəyişdi. Ən böyük arzum odur ki, Azərbaycan yenidən Fransa ilə qarşılaşsın. Qisas almalıyıq. Hər zaman bir seçmə mərhələlərdə bir millini büdrətmişik. Yığmamızın ləqəbi “qəbirqazanlar”dır. Mən bütün oyunlara gedirəm. Milli komanda mənim üçün namusdur, milli qürurdur. Hər oyundan qabaq 15 şəkil paylaşıram milli forma, bayraq ilə, ümidlərimi sözlərlə ifadə edirəm.

– Yığmanın nəticələri qənaətbəxş deyil, son illərdə elə əcnəbi məşqçilər gəlir, amma bir nəticəyə varmaq olmur…

– Bizim öz oyunçularımız topa başlarını qoyurlar. Amma digərləri, nə qədər milli komandalarda oynasalar da, bunu etməzlər. Məsələ namusdur. Fikrimcə, milli komandaya hazır oyunçu gəlir, sadəcə onları psixoloji olaraq hazırlamaq lazımdır. Samir Abasov kimi, Ayxan Abbasov da yaxşıdır, amma biraz sakitdir. Samir hazır məşqçidir, harda nə etməli olduğunu bilir, qışqırmalı, etiraz etməlidir. Samir bir dəfə zədələndi və çıxanda uşaq kimi ağlayırdı. Belə olmalıdır, bəhanə axtarmaq yox. Qurban Qurbanov nə edir? əli cibində dayanır, oyunu idarə edir. Üzdə bizimkilər görünsə də, altdan görülən işlər var. Düşünürəm ki, fiziki, taktiki çalışan məşqçilər yetişdirilməlidir. Məsələn, Zaur Tağızadə “Qarabağ”da da sürətin gücünə uddu. Portuqaliyaya vurduğu qol, o vaxt hər oğulun işi deyildi.

– Yəni, məşqçi yerli olmalıdır…

– Bizim uşaqların dəst-xətti var. Yenə də fikrimcə, milli komandada görünməyən işlər olmalıdır. Son sözü azərbaycanlı deməlidir. Həm pul da heyifdir. 3-4 milyon dolları niyə əcnəbiyə verirsən? Şahin Diniyevə nə olmuşdu? Uduzanda deyirdi üzr istəyirəm, bir daha şans verin mənə. Millidə azərbaycanlı məşqçi olmalıdır. Qurban Qurbanova imkan verilməyəcək. Çünki problemləri var. Millidə Qurban Qurbanovu görmürəm, amma onların taktikasının milli komandada olmasını istəyərdim. Həm də, yığmada legionerlərin olmasının tərəfdarı deyiləm.

– Bu problem tək futbolda deyil ki, digər idman növlərində də eyni hal yaşanır.

– Qazaxıstanda olanda Maria Stadnik finalda idi. Azərbaycanlı 10 azarkeş var idi. Dağıstanlı biri oturmuşdu, ona bayrağı uzatdım ki, səs salmasan da bayraq əlində olsun, imtina etdi. “Rabitəçi” klubu dünya kubokunu götürəndə Azərbaycan bayrağını legioner voleybolçu alt paltarına salmışdı. Ona görə mən həmişə legionerlərin əleyhinə olmuşam. Güləşçilərimiz deyirlər ki, onlara verilən pul bizə verilməlidir. Onlar olimpiya bazasında məşq edir, biz rayonda. Sonra da bizə deyirlər, yıx onları. Ona görə dağıstanlılara simpatiya var. Söhbət puldur. Başqa nə ola bilər ki?! Nəticə də yoxdur. Deyim ki, olimpiya çempionu oldular, yox. Lazımı gələndə Azərbaycana qarşı müsahibə də verirlər.

     – Keçək ölkə futboluna… Bir lerikli kimi komandanızın (“Lerik”) II Liqada ötənilki çıxışını necə qiymətləndirərdiniz?

    – Çox gözəl. Əvvəlcə büdcə məsələsinə toxunsaq, 50 000 manat “Lerik”in büdcəsidir. Dövlət ƏDV-ni götürür, yerdə təxmini 40 000 manat qalır. 12 aya bölsək, təxmini 3000 edir. Bir səfərə getmək üçün kluba 1500 manat lazımdır. Komanda təkcə yol pulu vermir, oyunçular, həkim, və s. hamısı təşkil olunmalıdır. “Lerik”ə öz meydanında oynamağa icazə verilmədi. Lerikdən Lənkərana 10 000 azarkeş gedirdi vaxtında, amma onlar gəlmədi bizi dəstəkləməyə, “Lerik”i tək qoydular. Çox təəssüf edirəm ki, “Lerik”ə icazə verilmədi. Çox ağır şərtlər qoyuldu. Belə baxanda, digər stadionlar da həmin şərtləri ödəmir. Təzə başlayan komanda üçün ağır şərtlər idi. “Lerik” də başladı Lənkəranın tərkibində oynamağa. Orda da ağır şərtlər başladı. Bu şərtləri yerinə yetirmək üçün büdcənin böyük hissəsi xərcləndi. Klub qaldı ortada. Problem yenə də büdcə idi. Böyük klublar üçün heç nə sayılan məbləğlər təzə və kiçik klublar üçün böyük sayılır. O ki qaldı nəticəyə, klubun məqsədlərindən biri liqada qalmaq idi, qaldı, kubokda maksimal dərəcədə irəliləyib güclülər dəstəsindəki klublardan biri ilə oynamaq idi, oynadı. Baxmayaraq ki, “Sumqayıt” bizə haqsızlıq etdi. Biz onların xahişlərini yerinə yetirdik. Lakin bu da bizim klub üçün reklam oldu. Ölkədə hamı bildi ki, “Lerik” ölkə kubokunun 1/8 finalında “Sumqayıt”a qarşı oynayır və Makedoniya yığma komandası (Kristian Velinovski) oyunçusunun ayağını sındırıb. Bütün idman xəbərlərində epizod getdi, bütün saytlar bu barədə yazdı. Kubokda irəlilədik, 1:0 udduq. “Sumqayıt”ın 6:0 ilə razı deyiləm. Biz qonaq getmişdik. Komandanı sındırdılar. Bakıdan gedən oyunçular komandadan ayrıldılar. Məcbur qaldıq ki, ikinci dövrədə Cənubun yığma komandasını yaradaq. Məqsəd II Liqada qalmaq idi. Artıq biz bu il gözləyirik ki, 100 000 manatlıq büdcəmiz olsun. Oyunçular orda pulsuz oynayırlar. Düşünürük ki, artıq oyunçulara pul verilə biləcəyik. “Lerik”in oyunçuları hərəsi bir yerdə işləyir. Məşqsiz komandadan nə gözləmək olar? Ona görə mən klubun addımlarını uğur sayıram. “Sumqayıt”ı da keçməyi fantastik olardı.

    – Tam olaraq hansı dəstəyi nəzərdə tutursunuz?

    – İnkişaf üçün televiziya yayımları olmalıdır, niyə ancaq “yutub”da olur? İspaniya çempionatını canlı göstərirlər, bizim şərhçi də həyəcanla şərh edir. Görsən, deyəcək pul ödənilir. Nə üçün aşağı liqa matçları şərhsiz olur? Tələbə yoxdur? SSRİ dövründə Fikrət Adıgözəlli oyunu şərh edir, tələbələr də onunla yanaşı şərhi yazırdılar, öyrənirdilər. “İdman” telekanalına pul ayrılıb, nə üçün İspaniya, İngiltərə oyunlarını yayımlayırsan? Ümumiyyətlə, klubların reklamı baxımından problemlər var. Verilişlərin sayı az, xüsusi idman proqramları da yox. 90-cı illərdə Azərbaycanın 2 milyona ehtiyacı var idi. Bütün dünya reklamlardan, televiziyadan qazanır. Düzgün sistem qurulsa, ajiotaj yaransa, uğurlu olar. Xokkeydə dava olur, hakim ayırır onları? Yox. Çünki bu maraq qatır, insanlar həzz alır bundan. Sonra deyirlər ABŞ-də idman inkişaf edib, ən bahalı idmançılar ordadır və s. Bütün bu ab-havanı yaratmaq lazımdır. Lənkəran regionda iki kənd, bir şəhər komandası ilə təmsil olunur. Mən idman prinsiplərinin pozulmasının əleyhinəyəm. Baxmayaraq ki, o tərəfə simpatiyam var, amma prinsiplərin pozulmaması üçünregiondan başlamalıdır. “Xəzər Lənkəran”ın Bakıda 10000 potensial azarkeşi var idi. Digər klublar buna baxaraq utanırdı və daha çox azarkeş gəlirdi. Bu da saytların oxu sayına təsir göstərir. Hazırda, azarkeşlər çox sayt oxumur, passivləşiblər. Dediyim kimi, idman prinsipləri pozulmamalıdır. Biz bu il “Lerik”in düşməsini istəmirdik. Psixoloji olaraq hazır idik. Lakin qələbə klubun qalmağına kifayət etdi. Məşqçi də prezidentə dedi ki, mən klubu saxladım qalanı sənlikdir. Klub başlayanda oyunçu seçimində çox səhvlərə yol verdi. Futbolçular üçün də pul ayrılmalıdır 1 oyun 100 manatdır. Lerikdən olan 5 oyunçu ümumiyyətlə pul almırdı, qalanları simvolik rəqəmlərə oynayırdılar ki, regionun adı qalsın. Peşəkarlıq olanda nəticə də olur. Bəzi hakimləri araşdırmaq lazımdır ki, hansı regiondandır. Bunlar hamısı təsir göstərir.

    – Ölkə çempionatında bütün oyunlara gedirsiniz?

    – Maraqlı oyunlara gedirəm. Oyunları əvvəldən oxuyuram və bilirəm ki, bu oyuna getmək lazımdır, yoxsa vaxt itkisidir. “Turan Tovuzla” “Səbail”in ötənilki oyunundan həzz aldım. Yanımda müzakirə etmək üçün bilən bir adamla gedirəm. Lakin stadionumuzun tək əskik tərəfi odur ki, çay, kofe olmur, bu növ xidmət göstərilmir. Futbol istirahət kimi qəbul edilməlidir məncə. VİP hissəsində bəli var, bəs digərləri? Polislər də bir tərəfdən qışqırırlar. Əvvəllər dava olurdu, düzdür. Ümumiyyətlə, bizim sektorlarımız da düzgün bölünməyib. Elə adam var xanımı ilə gəlmək istəyir, eləsi var çox qışqırır, eləsi var siqaret çəkir və s. Bunun üçün sektorlar bölünməlidir. Bir ara belə bir söhbət var idi, lakin sonradan yığışdırıldı. SSRİ dövründə hərənin öz sektoru olurdu və heç kim də bir-birinə toxunmurdu.

    – Bölgə klublarında sponsor problemləri var. Sizcə sponsorların bölgələrə getməməsinin səbəbi nədir?

    – Dövlət 3 milyon pul ayırır, lakin düzgün bölüşdürülmür, oyunçular süni şəkildə baha qiymətə gəlirlər. Biletləri düzgün təşkil etmək, oyunçu satmaq lazımdır. Düzgün proses izlənsə, hamısı alınar. “Neftçi”nin vaxtında 1985-ci ildə uduşa bir maşın qoyulardı. Bilet özü 1 manat idi. 2 manat verib lotereya oynanılırdı. 35000 azarkeş gəlirdi. Maşının qiyməti 7000 rubl idi. Klub burda həm reklamını edirdi, həm də azarkeş qazanırdı. Demirəm indi də maşın qoyulsun. Mobil telefon da ola bilər. 1 telefon kifayət edir ki, 3000 azarkeş, 6000 olsun. Yəni bunun yolları, marketinq tərəfi var. Klub bunu özü qazanmalı, təşkil etməlidir. Məqsəd adamın çox olmağıdır. Bununla reklam olacaq, televiziya kanalları çəkilişə gələcək və s. İranda bir oyuna getdim və gördüm ki, 75000 azarkeş var. Çox təəccüblü idi. Sonra bəlli oldu ki, başqa şəhər gəlib. Sizcə Azərbaycan-Ermənistan oynasa 300000 adam gələr, ya gəlməz? Eynən “Barselona” – “Rea” kimi. İnsanlar buna döyüş kimi baxmalıdır. Burda Bakı çempionatı ediblər, oyunçular bir-birini tanıyırlar. Qırağa çıxmaq lazımdır. Məsələn, Qusarın komandası olsa, Xaçmaz da gələr, Quba da, ləzgilər də gələr. Bir də baxırsan, 12000 azarkeş yığılıb. Müəyyən maraq yaradılmalıdır. Səbəb odur ki, başqa şəhər olmalıdır, insanlar futbolla, oyunu yaşamalıdır. Rayonlarda insanlar oyunu yaşayırlar, sevinirlər, soruşurlar. Burda isə yox. Bir də klublarda afişa yoxdur, internet azarkeşi üçün bunu edən yoxdur. Əgər olsa, nə qədər azarkeş həmin reklamdan, afişadan gələr.

    – Premyer Liqada hansı komandaya azarkeşlik edirsiniz?
    – Hamımız zərrə qədər də olsa “Neftçi”liyik. Avropada kim oynayarsa, ona da azarkeşlik edirəm. “Neftçi”nin də yaxşı nəticələr əldə etməsini, avrokuboklarda yarışmasını istərdim.

    – Uzun illərdir futbol fanatısınız. Və tribuna maraqlı hadisələrlə zəngin yerlərdəndir. Başınıza gələn hansı maraqlı hadisəni xatırlayırsınız?

    – Tehranda Azərbaycan bayrağını qaldıranda polislər elə bildilər ki, mən iranlıyam. Azərbaycanca danışdım inanmadılar, rusca danışdım. Ondan sonra inandılar, VİP hissəyə qonaq sektoruna apardılar məni. Dünya kuboku idi. Rusiya ilə güləşirdik, 4:4 bitdi oyun. Hərdənbir gözümü yumuram, bəzi epizodları görmək istəmirəm. Bir dəfə də azərbaycanlı azarkeşlər mənə yaxınlaşıb belarusları göstərib dedilər ki, bunlardan kimi istəyirsən döyüm sənin üçün? Qazaxıstanda Cəbrayıl güləşirdi və məşqçi talış dilində danışmağa başladı. Bir anlıq Azərbaycan dilini unutdu. Cəbrayıl təəssüf ki, uduzdu. Mən ondan soruşdum ki, niyə uduzdun? Dedi ki, mənə səhv yol göstərdilər.

    Şahin Cəfərov

    Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

    Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.