“Qarabağ” üçün çətin səfər – “Ludoqorets” “evində” daha inamlıdır

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Ludoqorets” komandasının qonağı olacaq. Razqradda baş tutacaq görüşə saat 22:00-da start veriləcək.

“Ludoqorets” bu mövsüm doğma arenasında keçirdiyi dörd oyunu da qazanıb. Bunların ikisi Çempionlar Liqasında təsnifat mərhələsi oyunu olub. Bolqarlar əvvəldə Batumi “Dinamo”sunu, daha sonra isə Minsk “Dinamo”sunu məğlub edib. “Ludoqorets” bu görüşləri müvafiq olaraq 3:1 və 2:0 hesabıyla qazanıb.

“Ludoqorets” evində uğurlu çıxış edən komandalardandır. Razqrad təmsilçisi çempionatda “Arda” ilə görüşdə 5 qol vurub ki, bunların ikisi birinci hissədə olub. Bolqarlar Çempionlar Liqasında Batuminin “Dinamo” komandasına da 2 qol vurub və hər ikisi birinci hissədə qeydə alınıb. Azarkeşlərinin dəstəyi ilə erkən qol axtarışında olan bolqarlar bir baxımdan bu göstəricidə uğurludurlar.

“Qarabağ” ilk oyunda məğlub olub və görüşə “Ludoqorets” daha rahat çıxacaq. Hər bir halda, komandanın bir qollu üstünlüyü var və heç-heçə də sərf edir. “Qarabağ” ilk dəqiqələrdən irəli atılıb, müdafiədə boşluq verilməyəcəyi halda, qol vura bilsə, rəqibi təzyiq altına sala bilər. Azərbaycan təmsilçisi daha əvvəl də avrokuboklarda səfər görüşlərində uğurlu çıxışı ilə diqqət çəkib. Baş məşqçi Qurban Qurbanov ilk oyunda “Ludoqorets”i daha yaxşı tanıdı və cavab görüşündə inamlı “Qarabağ” görəcəyik.

Matça saat 22:00-da start veriləcək.

Kamil Əhməd