“Turan Tovuz” mövsümdə ilk qələbəsini qazanıb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Sumqayıt”ı məğlub edib – 1:0.
Tovuz şəhər stadionunda mövsümün ilk oyununa böyük maraq var idi. Tribunalar dolmuş, əsl futbol bayramı atmosferi yaradılmışdı. Görüş də elə məhz böyük azarkeş dəstəyini arxasına alan “Turan Tovuz”un hücumları ilə başladı.
Hardasa ilk 20 dəqiqədə demək olar, 4-5 kəsərli hücum edən tovuzlular istəyinə 34-cü dəqiqədə çatdı. Cinahdan sürətli reyd edən Denis Marandiçi komanda yoldaşı Xəyal Nəcəfova “al, vur” deyə ötürmə edərək, hesabın açılmasında əsas pay sahibi oldu. Qoldan sonra oyunda nisbi balans yarandı, fasiləyə yaxın isə səhnəyə çıxan “Sumqayıt”lı Rəhim Sadıxov “Turan Tovuz”un 5 futbolçusunu keçsə də, qapıçı İvan Konovalovu keçə bilmədi. Qolkiper demək olar, yeganə ciddi seyvini bu epizodda etdi.
Fasilədən sonra “Sumqayıt” təzyiqini artırıb, qol vurmağa çalışsa da, komandanın ifasında kəsərli hücum olmadı. Əvəzində əks-hücumlarda yaxşı imkanlar yaxalayan tovuzlular epizodları sağa-sola xərclədi.
“Turan Tovuz” mövsümə pis başlamayıb. İlk turda “Neftçi” səfərindən bir xalla dönən tovuzlular ikinci oyunda azarkeşlərinə qələbə sevinci bəxş etdi. Kurban Berdıyev döyüşkən komanda qurub və futbolçular sistematik oyun sərgiləyir. Müdafiə planında ciddi intizam isə diqqət çəkən əsas məqam oldu.
“Sumqayıt” isə kasad heyətin ağrısını çəkir. Baş məşqçi Samir Abasov əlində materialdan maksimum istifadə etməyə çalışsa da, keyfiyyət çatışmazlığı sözünü deyir. Xüsusilə, hücum xəttinə transfer edilən Nikola Vuynoviç ümidləri doğrulda bilmir. Ehtiyat qüvvə isə gənclərdən ibarətdir. Qarşıdakı günlərdə transferlər edilməzsə, “Sumqayıt” üçün çətin mövsüm olacaq.
Şahin Cəfərov