“Sabah” Azərbaycan Premyer Liqasının II turunda azarkeşləri önündə “Zirə”yə uduzub – 0:2. “Futuristlər” bununla ardıcıl ikinci turda evində xal itirib.
Görüş tərəflərin orta xəttdə taktiki mübarizəsi ilə başladı. Yarımmüdafiəçilərin top uğrunda döyüşü bəzən meydan sahiblərinin, bəzən də qonaqların hücumu ilə nəticələnirdi. Buna baxmayaraq, ilk hissədə qapılar qarşısında ciddi təhlükə yaranmadı. “Sabah” daha real qol şansı yarada bilirdisə, “Zirə” cinahlardan Rafael Utziq və Salif Sumanın reydləri hesabına təhlükə yaratmağa çalışırdı.
İkinci hissəyə isə qonaqlar sürətli başladı. “Sabah”ın qapıçısı Yusif İmanovun ehtiyatsızlığı üzündən əldə edilən künc zərbəsinin davamında top müdafiəçi Amin Seydiyevin əlinə dəydi və VAR-dan penalti qərarı çıxdı. Bununla hesabı açan “qartallar” rəqib özünə gəlməmiş ikinci qolu vurmaqla “futuristlər”i müqavimətini qıra bildi.
Renduliç Coy-Lens Mikelsi oyuna daxil edərək sürəti az da olsa artırmağa nail oldu. Alman futbolçunun meydanda daxil olduqdan bir neçə dəqiqə sonra başla zərbəsi dirəyə tuş gəldi. “Sabah” bundan sonra da bir-iki epizod yarada bilsə də, fərqlənmək mümkün olmadı.
Görüşdə ümumi oyun planında “Zirə” daha yaxşı göründü. Hiss olunur ki, komanda rəqibinə nisbətən mövsümə daha yaxşı hazırlaşıb və xəttlərarası balans var. “Sabah”da isə hazırlıq ürəkaçan deyil. Konfrans Liqasında İrlandiyada “Sent Patriks”ə məğlubiyyətdən sonra sanki komandada inamsızlıq yaranıb. Kəsərli və düşünülmüş hücum qurmaqda çətinlik çəkən “futuristlər” ümidi Cesse Sekidika və Coy-Lens Mikelsə bağlayıb. Komandanın qol silahı Pavol Şafranko bu matçda demək olar, gözə dəymədi. Heyətdə ciddi çatışmazlıqların və taktiki problemlərin olduğu görünür. Renduliç çatışmazlıqları qısa zamanda aradan qaldıra bilməzsə, komanda çempionluq yarışından erkən qopa bilər.
“Sabah” və “Zirə” bu həftə Konfrans Liqasında vacib oyuna çıxacaq. Hər iki kollektiv tur şansını Bakıya daşıya bilib. “Zirə” Xorvatiyanın “Osiyek” komandası ilə səfərdə heç-heçəyə nail olub və onların şansları daha yüksək qiymətləndirilir. “Sabah” isə İrlandiyada “Sent Patriks”ə məğlub olub (0:1) və evində azı iki fərqlə qələbə qazanmalıdır. İrlandiya təmsilçisi zəif rəqib deyil, amma “Sabah”ın heyətinin potensialı mərhələ adlamağa kifayət edir.
Şahin Cəfərov