“10 gün sonranı fikirləşsəm, dəli olaram” – Renduliç

Azərbaycan Premyer Liqasının II turunun “Sabah” – “Zirə” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik edirəm, qələbəyə layiq idilər. Oyunçularıma da irad bildirmirəm, onlar bu gün çalışdılar. Əfsuslar olsun ki, nəticə istədiyimiz kimi olmadı.

– Oyun planınız nə idi və nə düzgün işləmədi?
– “Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Onlar çətin komandadır. Bu oyu ötənilki matçımıza bənzədi. Nəzarət bizdə idi, əfsuslar olsun, penalti hər şeyi dəyişdi və məğlub olduq.

– Amin Seydiyevin oyunu haqda nə düşünürsünüz? Son matçlarda səhvlərlə yadda qalır, ona istirahət verməyi düşünmürsünüz?
– Futbol “pley-steyşn” deyil. Oyunçular çalışır, səhvlər olmasa, hər oyun 0:0 olur. Demirəm, mükəmməl idi, amma onu bir səhvə görə dərhal dəyişməyi düşünmürəm. Futbolçulara daha çox dəstək olmaq istəyirəm. Səhv edəndə oyunçu dəyişmək lazımdır? Əksinə, dəstək göstərmək lazımdır. Amma bəzən də futbolçunun istirahətə ehtiyacı var.

– Müdafiədə səhvlər var. Son oyunlarda bu səbəbdən qollar buraxılır. Sanki komandada xaos var. Buna səbəb nədir? “Makkabi” keçilib deyə, komandada eyforiya yaranıbmı?
– İşlər yaxşı getməyəndə həmişə nəsə pis məlumatlar ortaya çıxır. Ötən il üçüncü yer olanda heç kim demirdi ki, bunlar əla iş gördü, əsas da jurnalistlər. Demək olar, heyət eynidir. Heç vaxt deməmişəm ki, “Barselona”ya qalib gələ bilərik. Məğlubiyyətdə də bərbad komanda olduğumuzu deməmişəm. Futboldur, bəzən yaxşı, bəzən pis olursan. Ola bilər, bəzi problemlərimiz var, amma bunu üzə çıxarmaq istəmirəm. “Şamaxı” ilə matçda rəqib çərçivəyə iki zərbə endirdi və qol oldu. “Sent Patriks”ə qarşı da demək olar, 45 dəqiqə azlıqda oynadıq. 0:1 uduzmuşuq, amma heç nə bitməyib. Cavab oyununda ən böyük problemimiz İvan Lepinitsanın olmamasıdır. Bunu həll etməliyik. Bu gün uşaqlar mübarizə apardılar, onların yanaşmasına nəsə deyə bilmərəm.

– Ötən il üçüncü yeri tutmağınıza görə kifayət qədər təqdir edilmisiniz…
– Üzr istəyirəm.

– “Sabah”ın sabahını rəhbərliyini altında necə görürsünüz?
– Bu klub gəncdir və inkişaf edir. Əla nəticələr demirəm, amma çox yaxşı nəticələr əldə etmişik. Bir şeyi də bilək ki, “Sabah” Avropada məşhur komanda deyil. Həmçinin, biz iki ildir, avrokuboklara düşürük. İnkişaf bir prosesdir. Nə danışdığımı bilirəm. “Dinamo” (Zaqreb) demək olar, 20 il indiki halına gəlməsi üçün çalışdı. İndi “Neftçi” nə danışa bilər? Ölkənin ən nüfuzlu klublarındandır, ancaq Avropaya düşmədilər. Nə dediyimi başa düşürsünüz? “Sabah” olaraq gördüyümüz işlərdən fəxr edirik.

– Sanki suallara aqressiv cavablar verirsiniz. Bunun səbəbi nədir?
– Sosial mediada heç bir hesabım yoxdur. Sadəcə nə baş verirsə, mətbuat konfranslarında öyrənirəm. Yenə də üzr istəyirəm.

– Bu oyun demək olar, paytaxt derbisidir. İrlandiyadakı məğlubiyyətdən sonra bütün düşüncəniz bu matçda idi, ya cavab görüşündə? Bu məğlubiyyət komandaya necə təsir edəcək?
– Xeyr, hər məşqçi oyundan oyuna köklənir. Yaxşı deyil ki, qarşıdakı oyunu buraxıb, növbəti matçı fikirləşəsən. Qalib gəlmək istəyirdik, əfsuslar olsun, alınmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Həyatdır, bəzən yaxşı olursan, bəzən də yox. Çempionatda qarşıda 34 oyun var, avrokuboklarda da hələ heç nə bitməyib.

– Cavabınızdan belə başa düşdük ki, biz “Sabah”dan çox şey gözləyirik. Bizim gözləntilərimiz həqiqətən, böyükdürmü?
– Əlbəttə, gələcəyə yönəlik bəzi məqsədlərimiz ola bilər. Biz də avrokuboklarda qruplarda oynamaq istəyirik. Amma 3-4 il əvvəl mövsümü 8-ci bitirmişdik. Klub hər il inkişaf etməlidir. Əlbəttə, son hədəflərimizdən biri siz dedikləriniz olacaq. Amma addım-addım inkişaf etməliyik. Bunları edəcəyik, amma vaxt lazımdır. Dediyiniz hədəflərə çatacağıq.

– Qarşıda “Sent Patriks” və “Neftçi” ilə oyunlar var. Bu matçlarda ola biləcək pis nəticələr sizin “kreslonuzu” sirkələdəcəkmi? Yoxsa düşünürsünüz ki, “Makkabi”ni keçməşlə yerinizi siğortalamısınız?
– Uduzanda görürsünüz, konfranslar 25 dəqiqə çəkir, amma qələbə qazananda 3-4 dəqiqə. Nə olacaqsa, olacaq. 10 gün sonranı fikirləşsəm, dəli olaram. İndi bütün diqqətimiz “Sent Patriks”lə oyundadır.

– Buraxılan səhvlərdə futbolçuların rolu var. Bunu baş məşqçidən soruşmayıb, kimdən soruşacağıq?
– Soruşmalısınız, haqqınızdır. Amma biz də insanıq, futbolçular da səhvlər edə bilər. Mənə görə, İrlandiyadakı oyundakı ikinci sarı vərəqə düzgün deyildi. Sizcə, düzgündürmü ki, İrlandiyada oynayırıq, hakim islanddır? Amma buna görə uduzmadıq. Rəqib qələbəyə layiq idi.