Radikal “Zirə” dəyişikliyi…

“Zirə” Konfrans Liqasının pley-off mərhələsinə çatmağa çox yaxındır. “Osiyek”lə səfər qarşılaşması həm nəticə, həm futbol məzmunu baxımından buna inam yaratdı.

Xorvatiya təmsilçisi “qartallar”a ciddi narahatlıq yarada bilmədi. Qolu da Ceyhun Nuriyevin səhvindən bəhrələnərək vurmuşdular və bundan başqa, tutarlı hücum qura bilmədilər. Məhz bu amilə görə Rəşad Sadıqovun “drujinası” məğlubiyyətə layiq deyildi və futbolun ədaləti özünü oyuna əlavə edilmiş 4 dəqiqənin sonuncusunda yetirdi.

Faydasız və çox zəif çıxış edən Rüstəm Əhmədzafə ilə əvəzlənən Rafael Utziq həm penaltiyə səbəb oldu, həm onu qola çevirdi – 1:1, doğma meydandakı oyuna gümrah əhvalda çıxmağa yaxşı səbəb yaradan nəticədir.

“Zirə” cari avrokubok mövsümündə UEFA klub reytinqimizə ən çox xal qazandırmağı ilə də fərqlənir, ümumiyyətlə, oyun dəsti-xəttini dəyişdirməyi ilə də.

Sadıqov indi daha da təşəbbüskar oyun sərgiləyən bir format yetişdirib. Bu “Zirə” xeyli inamlı, xarizmatik görünür.

Təəssüf ki, orta xətti və dayaq zonası axsayan bu komanda heyət baxımından qeyd olunan boşluqları doldura bilsəydi, KL-in qrup mərhələsinə yüksələ bilərdi.

Amma bu halı ilə də təmsilçimizin qruplarda oynaya biləcəyinə ümid var.

Kamil Əhməd