“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets”ə məğlub olub – 1:2.
Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Gərgin oyun keçdi. Həqiqətən, rəqib oyuna ciddi və yaxşı hazırlaşmışdı. Komanda olaraq göründü ki, bütün tapşırıqları yerinə yetirdilər. “Qarabağ” avrokuboklarda uzun müddətdir, yaxşı çıxış edir. “Ludoqorets” təmsilçimizin bütün taktikalarını, əsas oyunçularını bağlamışdılar. Göründü ki, uduzmamaq üçün gəliblər və müdafiə futbolu oynadılar. Məğlub olsalar, ikinci oyun çətin olacaqdı. Onlar da bunu başa düşürdü və bu fikirlə meydana çıxmışdılar. Bütün zonaları bağlamaqla istəklərinə nail oldular”.
Keçmiş qolkiper “Qarabağ”ın qapıçısı Fabian Buntiçin çıxışını da dəyərləndirdi:
“Buntiçin kobud səhvi olmadı. Rəqib usta qollar vurdular. Ümumiyyətlə, onun çıxışını pis dəyərləndirmirəm. Buntiç avrokuboklarda “Qarabağ”a kömək edəcək gücdədir. Oyunun sonunda yaxşı seyvlə də yadda qaldı. Hə, bircə bir epizodda müdafiəçi ilə anlaşmazlığı oldu, başqa nəsə demək olmur. Normal qapıçıdır və pis çıxış etmir”.
“Qarabağ” “Ludoqorets”lə cavab oyununu avqustun 13-də Bolqarıstanda oynayacaq.
Şahin Cəfərov