“Ludoqorets”in hücumda yaxşı oyunçuları var, amma müdafiəsi zəifdir”

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edəcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında “Qarabağ”ın qələbə qazanacağına əmin olduğunu söylədi:

“Oyunla bağlı çox danışılası şey yoxdur. “Ludoqorets”in “Dinamo” ilə oyunlarını izlədim, böyük komanda təəssüratı bağışlamadılar. Minsk təmsilçisi onlarla oyunda kifayət qədər qol imkanları yaratdılar. “Ludoqorets”in hücumda yaxşı oyunçuları var, amma müdafiəsi zəifdir. Lakin “Linkoln” səviyyəsində də deyillər. Düşünürəm ki, “Qarabağ” qələbə qazanacaq və turu keçən tərəf olacaq.

“Ludoqorets”in müdafiədə çoxlu boşluq verdiyini, hücuma çıxanda itkilərə yol verdiklərini gördüm. Düzdür, rahat olmayacaq. Çünki Çempionlar Liqasında asan rəqib olmur. “Ludoqorets”in yaxşı təcrübəsi, tarixi ola bilər, amma indi o vəziyyətdə deyillər. “Qarabağ”ın Bakıda qələbə qazanacağına əminəm”.

“Qarabağ” – “Ludoqorets” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.

Şahin Cəfərov