“Qarabağ” üçün təcrübəli bolqarlar – nələrə diqqət edilməlidir?

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşacaq.

Bolqarıstanın köklü klublarından olan “Ludoqorets”in heyətinin dəyəri 53,05 milyon avrodur. Komandaya Georgi Dermendzev rəhbərlik edir. Bolqarıstan təmsilçisinin heyətində ən dəyərli oyunçu Bernard Tekpeteydir. Qanalı vingerin dəyəri 6 milyon avrodur. Bernard həm də komandanın əsas təhlükəli silahlarındandır. 26 yaşlı futbolçu bu mövsüm Çempionlar Liqasında 4 oyunda 2 qolla yadda qalıb. Bundan əlavə, heyətdə Yakup Piotrovski, Edin Kurtuluş, Kayo Vidal, Rvan Krus kimi təhlükəli oyunçular var.

“Ludoqorets” Bolqarıstan çempionatında 2 oyunda da qələbə qazanıb. Komanda Sofiya ÇSKA-sını 1:0, “Arda”nı isə 5:1 hesabıyla məğlub edib.

Çempionlar Liqasında mübarizəyə I təsnifatdan başlayan bolqarlar 4 matçın 2-də qələbə qazanıb, 2-də uduzub. Əvvəlcə Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdıran bolqarlar daha sonra Belarus “Dinamo”sunu (Minsk) üstələyib. Maraqlıdır ki, komanda buna qədər təsnifatda keçirdiyi iki səfər oyununda da məğlub olub. Ev sahibi olduğu görüşlərdə isə inamlı qələbəyə seviniblər.

“Qarabağ” tarixində birinci dəfə avrokuboklarda bolqarlara rəqib olub. “Atlılar” daha əvvəl yoldaşlıq oyunlarında bu ölkə təmsilçilərinə qarşı 6 yoxlama oyunu keçirib və 3-də məğlub olub, 1-də heç-heçə edib. “Qarabağ” “Ludoqorets”lə iki dəfə yoxlama görüşündə üz-üzə gəlib və bir dəfə uduzub, bir dəfə heç-heçəyə razılaşıb.

Qarabağ – Levski Sofiya 0:3
ÇSKA Sofiya – Qarabağ 5:2
Qarabağ – Ludoqorets 1:1
Ludoqorets – Qarabağ 2:0
ÇSKA Sofiya – Qarabağ 0:1
ÇSKA Sofiya – Qarabağ 0:1

“Ludoqorets” avrokuboklarda təcrübəli komandadır. Bolqarlar ötən mövsüm Konfrans Liqasının, 2022/23 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində oynayıb. “Ludoqorets” sonuncu dəfə 2016/17 mövsümündə Çempionlar Liqasında PSJ, “Arsenal” və “Bazel”lə bir qrupda mübarizə aparıb və 2 xalla 3-cü olub.

“Qarabağ” “Ludoqorets”lə ev oyununda favorit göstərilən tərəfdir. Buna baxmayaraq, rəqib kifayət qədər təcrübəlidir və heyətdə individiual keyfiyyətli yüksək olan legionerlər var.

Komandalar arasındakı matç bu gün saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də Bolqarıstanda keçiriləcək.

Şahin Cəfərov