Qurban Qurbanov: “Onları izləyəndə necə təcrübəli olduqlarını gördüm”

Çempionlar Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyunundan öncə “atlılar”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Düşünürəm ki, vacib oyuna çıxırıq. Yaxşı oyun bizi gözləyir. Təcrübəsi olan, fərdi bacarıqları yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımı demək olar, hazırlaşmışıq. Əvvəlki oyunlara nisbətən yaxşı hazırlaşa bilmədik. Çünki çempionat başlayandan sonra qruplara bölündük. Məşqlərimiz istədiyimiz keyfiyyətdə keçmədi. Ümumiyyətlə, hazırıq. İnanıram ki, futbolçularım hər matçda yaxşı nəticə üçün hazırdırlar. Çalışacağıq, həmişə olduğu kimi azından oyunumuzla azarkeşləri razı salaq. Futbolçular da məsuliyyəti dərk etməlidirlər. Çalışacağıq, yaxşı nəticə əldə edək.

– Rəqib bundan əvvəlki avrokubok matçlarında səfərlərdə uduzub. Bu, nəyisə dəyişir?
– Xeyr. Oyunlar iki mərhələdən ibarətdir. Onları izləyəndə necə təcrübəli olduqlarını gördüm. Özlərinə lazım olan dərəcədə matçı idarə edirlər. Lazım olanda tempi qaldırır, lazım olanda endirirlər. Məni ən çox cəlb edən bu oldu. Bəzi dəqiqələrdə görürsən ki, oyunlarını itirirlər, amma müdafiə lazımdırsa, edirlər, hücum lazımdırsa, onu da edirlər. Görünür ki, Avropa futboluna daha yaxındırlar. Onların əvvəlki nəticələrinə baxmırıq. Ola bilər, bir az qeyri-ciddi olublar, amma “Dinamo” ilə hər iki oyunda lazım olan nəticəni əldə etdilər. Səfər məğlubiyyəti bizi aldatmamalıdır.

– Elvin Cəfərquliyev çempionatda “qırmızı” alanda çox qəzəbli idi. Psixoloji durumu necədir?
– Çox da müzakirəyə ehtiyac yoxdur. Hər futbolçu özünü çalışmalıdır ki, idarə etsin. Bu, vacibdir və futbol kollektiv oyunudur. Onunla bağlı çox sualların verilməsini istəməzdim. Kollektivdə problem olmayanda işləmək asandır. Bəzi məqamlar olur ki, bizə fayda verir. Yəni, digər oyunçuları ələ olmaq, maksimum konsentrasiya və s. Hər məqam istər Elvin, istərsə də digər oyunçular üçün siqnal olmalıdır. Elvinin yaşı çox deyil, amma kifayət qədər avrokubok təcrübəsi var. Sabah meydana çıxsa, inanmıram ki, əsəbləri onunçün problem olsun. Özü də vəziyyəti başa düşür. Dediyim kimi, təcrübəsi xeyli artıb. Bu halların təkrarlanması kollektiv üçün də yaxşı deyil. Futbol kollektiv mübarizə oyunudur. Bəzən də hakimlər sarı vərəqələri verməyə tələsirlər. Çünki dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli olur. Biri sərt oyuna şərait yaradır, biri yox. Referilərdən də soruşanda deyirlər ki, oyunçuları qoruyuruq. Hakim qanunlar çərçivəsində vərəqələrini verə bilər, amma bəzən özlərinə də baxır. Bəzən hansısa vərəqələri verməmək də mümkündür. Lakin sonda problem futbolçuda qalır. Oyunçular belə halları bilməli, nəzarətdə saxlamalıdır.

– Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaqsınız. Püşk sizcə, uğurludurmu?
– Həmişə normal yanaşmışam. Bu mərhələ elədir ki, hər rəqibə ciddi yanaşmaq lazımdır. Çünki burada olanlar ölkələrinin çempionlarıdır. Ona görə püşkü normal dəyərləndirirəm. İndi bizim düşündürən əsas məsələ “Ludoqorets”lə oyundur. 9 il ardıcıl avrokuboklarda olmaq böyük nailiyyətdir. Ona görə indi də diqqətli olmalıyıq. Bəzi dəqiqələrdə rəqibdən üstün ola bilərik, amma bu, ölçü götürülməməlidir.

– “Qarabağ” ev oyunlarında favorit göstərilir. Buna necə baxırsınız?
– Normal baxıram. Komandalarda görünən və görünməyən tərəflər olur. Bizim əsas diqqətimiz görünməyən tərəflərdə olmalıdır. Dəfələrlə bizimlə oyunlarda rəqibləri favorit görüblər.

– Musa Qurbanlının durumu necədir?
– Ümumiyyətlə, meniks əməliyyatının müddəti bir aydır. Ondan sonra artıq hazırlıq mərhələsi başlayır. Çox ciddi zədə deyil. Əməliyyatdan sonra fərdi məşqlərə başlamaq olur. Daha sonra komandaya qoşulub, forma yığmaq mümkündür.

– Artıq bütün rəqiblər sizə ciddi yanaşır, böyük motivasiya ilə oyunlara çıxırlar…
– “Ludoqorets” təcrübəlidir, amma bizə qarşı ciddi hazırlaşırlar. Bu, bir az işimizi çətinləşdirir. Amma əlavə motivasiya da qazanırıq ki, rəqibin bizə qarşı göstərdiyi oyuna hazır olaq. Qışa qədər hələ vaxt var. Çalışacağıq ki, nəsə problem olmasın.

– Juninyo diqqət mərkəzindədir. Qış fasiləsindən sonra onu saxlamağın çətin olacağını düşünmürsünüz?
– Juninyonun diqqətdə olması normaldır. İndi bu haqda düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. Özü peşəkar kimi daha yaxşı hazırlaşmalıdır. Juninyonu da izləyirlər və bizə qarşı necə hazırlaşırlarsa, ona da elə.

– Yeni transfer gələcəkmi?
– Gəlməli idi, amma olmadı. Son dəqiqədə transfer baş tutmadı. Bakıda olmalı idi, amma son anda nəsə çıxardılar.

Şahin Cəfərov