Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Səbail” oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bu gün hər şey bizim üçün uğurlu alınmadı. Yeni komandayıq və bəzi futbolçular bu gün ilk dəfə birlikdə yonayırdılar. Legionerlər hələ çempionatı dərk etmir, elə bilirdilər ki, asan olacaq. Birinci hissə istədiyimiz kimi alınmadı. Səhvlər üzərində çalışacağıq. Yaxşı, iddialı komanda olacağıq.
– Oyun ərzində bir neçə dəfə Fərid Nəbiyevə etirazlarınız oldu. Bu, nə ilə bağlıdır?
– Onun potensialını bilirəm, daha yaxşı ola bilər. İlk hissədə buraxdığımız qollara görə də fasilədə əvəzləmələr etdik.
– Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
– Məsuliyyəti dərk edirəm. Məğlubiyyətin səbəbkarı mənəm. Üstümdən atmaq üçün deyə bilərəm ki, fərdi səhvlər oldu. Ancaq yox. Məni narahat edən əsas məsələ standart vəziyyətlərdən sadə qollar buraxmağımızdır. Taktiki səhvlərdən söhbət gedə bilməz. Sonuncu qola baxın, rəqib oyunçu 30 metr gəldi və heç kim qarşılamadı.
– Komandanın hədəfi nə olacaq?
– İçimdən gələni deyim, Premyer Liqada qalmaq üçün oynamayacağıq. Hədəflərimiz, iddialarımız var.
Şahin Cəfərov