Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Səbail” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bu oyuna hazırlaşmağa vaxtımız yox idi. Çox işləyə bilmirdik. Amma ilk dəqiqədən sonra qədər futbolçular göstərdi ki, oyuna yaxşı kökləniblər. Bu da mənim üçün önəmli idi. İlk hissəni 3:0 hesabıyla bitirdik. Fasilədən sonra rəqibin irəli atılacağını ehtimal edirdik. İkinci hissənin əvvəli çətin olsa da, sonra oyunu bərabərləşdirdik və sonlarda vurduğumuz daha bir qolla qələbə qazandıq. Mövsümün əvvəli həmişə çətin olur.
– Konfrans Liqasındakı rəqibiniz “Osiyek”i incələyə bilmisiniz?
– Yaxşı komandadır. Yeni baş məşqçilərinin gəlişindən sonra həm toplu, həm topsuz yaxşı oynayırlar. Komandanın oyununda əlavə aqressiya var. Təhlil etmişik, dünən oyunun hazırlığı bitdikdən sonra məcburiyyətdən onlara yenidən baxdıq. Biz də oyuna yaxşı hazırlaşacağıq. İstədiyimiz dəyişiklikləri bu gün etdik. Vacib olan futbolçuların istirahəti idi. Uzun yol çıxacağıq. Məyus edən məqam zədəli futbolçuların olmasıdır. Onların yetişib-yetişməyəcəyini qarşıdakı günlərdə biləcəyik. Bizim də hədəflərimiz var.
– Zədəlilər kimlərdir?
– Rafael Utziq, Pyer Zebli, Tyaqo Zebli zədəlidir. Bizim üçün vacib futbolçulardır. “Osiyek”lə oyunda iştirakları sual altındadır.
– Yeni transferiniz Papunaşvilinin durumu necədir?
– Onunla toplanışdan əvvəl danışıqlar aparırdıq, amma razılaşa bilmirdik. Lakin son periodda anlaşma oldu və bizə qoşuldu. Ayyarım zədəsini bərpa edib, iki ay da fitness məşqləri edib. Onun tam formaya düşməsi üçün vaxta ehtiyacı olacaq.
– Rəqiblə bağlı oyun planınız bəllidirmi?
– Baxacağıq, son təhlillərdən sonra məsləhətləşmələrimiz olacaq. İlk oyun bizimçün vacibdir. Onlar da sərfəli nəticə üçün çalışacaqlar. Planda ciddi dəyişiklik olmayacaq. Vacib məqam diqqəti qorumaq, əzmkarlığı və istəyi göstərməkdir. Uşaqlar da başa düşür ki, hansı oyunlara hazırlaşırıq.
– Artıq üç klubumuz avrokuboklarda mərhələ adlayıb. Bu, çempionatımızın inkişafı ilə bağlıdır?
– Futbolçu keyfiyyəti olaraq bütün komandalarımız eynidir. Büdcəmiz artmayıb, yerindədir. Düşünmürəm ki, inkişaf büdcə ilə bağlıdır. Çempionatın da maraqlı və gərgin keçməsi çempionatın, komandaların keyfiyyətini artırır. Bu, belə oyunlar üçün də vacibdir. Mərhələ adlamaq istəyirik. Bütün klublarımızın qruplarda oynaması Azərbaycan futbolu üçün bayram olar.
– İssa Cibrillanın performansı artıb. Onun belə inkişafını nə ilə əlaqələndirirsiniz? Donald Geryenin “Qarabağ”a ilk gəlişini xatırladır…
– Cibrilla ötən il tez-tez zədələndiyi üçün az oynayırdı. Bu il daha məsuliyyətli yanaşır və bunun bəhrəsini görür. Gerye sol cinah oyunçusudur. Cibrilla əsasən sağda oynayır, amma bu il onu solda da yoxlayırıq. Məqsəd İsayev də zədəlidir. Onun performansından razı idim. Sevindirici haldır ki, futbolçularım universaldır. Mövqe dəyişikliyində problem yaşanmır və bu, məşqçi üçün də yaxşıdır. Cibrillanın özündən də çox şey asılıdr. Ciddiyətini qorusa, daha artıra bilər.
– Oyundan sonra Kərim Diniyevlə görüşmədiniz…
– Xeyr, nə problemim ola bilər? Bir çox futbolçu ilə yaxınlıq etmişik. Kərim 4-5 futbolçudandır ki, ona hər məşqçinin məhəbbəti, hörməti olar. Kərimlə görüşmədiyimi xatırlamıram. Düşünürəm ki, bütün məşqçilər heyəti ilə görüşdüm.
– Roman Qriqorçukun “Neftçi”yə, Kurban Verdiyevin “Turan Tovuz”a gəlişini necə dəyərləndirirsiniz? Onların oyunlarını izlədinizmi?
– Oyuna baxa bilmədim. Sadəcə icmala baxmışam və dəqiq necə oynadıqlarını bilmirəm. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Buna çox sevinirəm. İnanıram ki, komandalarına öz fəlsəfələrini tətbiq edəcəklər. Çempionatın bu il daha yaxşı olacağını düşünürəm.
– Transferlərdə daha çox “yerli bazar” baxırsınız. Bu, təsadüfdür, ya planlı?
– Təsadüf. Ötən il daha çox xaricdən oyunçu gətirmişdik. Yerli çempionatda ehtiyacımız olan futbolçu olursa, gətiririk.
– Bugünkü rotasiyalar zədələrlə bağlıdır, ya “Osiyek”lə oyun üçün idi?
– “DAC 1904” ilə oyunlarda bütün planlarımızı göstərdik. Bu gün də çalışdıq ki, balans yaradaq. Səfər oyununa daha gümrah getmək üçün etdik.
Şahin Cəfərov