Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. Konfrans Liqasındakı məğlubiyyətin məyusluğunu ata bilməmişdik. Nəzərə alsaq ki, avrokubok matçından sonra səhər Azərbaycana qayıtdıq və 13 saat yolda olduq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Uşaqlar həddindən artıq güc qoydular, enerji itirdilər və qələbə qazandılar. Onlara təşəkkür edirəm. Nəsə başqa nəticə olsaydı da, nəsə deyə bilməyəcəkdim. Uşaqlar gözəl futbol oynadılar.
– Başa düşdüm ki, sönük oyun, tempin aşağı olması yorğunluqla bağlıdır..
– Bu gün hava şəraiti də sözünü dedi. Çox bürkü idi. Həm də mövsümün ilk oyunu idi. Görünən o idi ki, komandalarda dinamika aşağı düşmüşdü. Öz komandam adına deyirəm, oyundan əvvəl həddindən artıq yorğun idik. Psixoloji vəziyyət də yaxşı deyildi. Bilirdim ki, bir yerdən sonra komanda dayanacaq. Bir neçə oyunçuya istirahət verməyi düşündüm. Oyun gözləmədiyim kimi nəzarətimiz altında keçdi.
– Bu yeniyetmələrlə hara qədər gedə biləcəksiniz?
– Çempionatı harda bitirəcəyiksə, deməli, orda olacağıq. Gənclərə də şans düşüb, özlərini göstərməlidir. Artıq çempionatı və gələcək oyunları düşünürük.
– Əldə olan heyətlə maksimum hədəf elitada qalmaq ola bilər, ya daha yaxşısı?
– Hədəf haqda danışmayacam. Nə bu, nə də futbolçu haqda. Əlimdə 13-14 futbolçu var, çalışacam ki, bir baş məşqçi kimi ən yaxşı heyəti çıxarım. Hər matça qələbə üçün çıxacağıq. Sizin kimi hamı da görür ki, vəziyyət nədir.
– Transfer olacaq?
– Bu sual mənə aid deyil.
– “Fehervar”la oyundan sonra demişdiniz ki, mən əvvəl “Neftçi”də çalışdığımda da kasad heyətlə avrokuboklara yollandım. Bu, sizə daha çox güvənlə bağlıdır, ya bəxtiniz belədir?
– İkisi də ola bilər. Həddindən artıq güvəndirsə, nə xoş. Amma görürük ki, fəsadlar daha çox olur. Nəticələr Azərbaycan klublarının adına yazılır. Keçmişə qayıtmaq istəmirəm. Hər şeyi yaxşı bilirsiniz. Bugünkü komandada əldə olan yetərincə oyunçu olsaydı da, yenə buranı bir təcrübə kimi dəyərləndirəcəm. Uşaqlara da dedim ki, kifayət qədər artırmısınız. Amma bunlar “Fehervar”ı keçə bilmədik. Futbolçularımdan artırmalarını istəmişəm. Xoş olan tendensiya var, Murad Xaçayev, Elvin Bədəlov, Səbuhi Abdullazadə yaxşı inkişaf mərhələsi keçib. Bu, bizi sevindirir.
– Bu gün futbol camiəsində müxtəlif söhbətlər gəzir. İndiki məqamda klub prezidenti Riad Rəfiyevlə münasibətləriniz pozulub?
– Nə yarandığını bilmirəm, məndə hər şey normaldır. Gördüyünüz kimi də, bu gün yaxşı oynadıq və qələbə qazandıq. Mənə lazım olan budur. Rəfiyevlə soyuqluq hiss etməmişəm. Bəlkə də, kimlərsə daha çox kədərlənib. Mənim buna vaxtım yoxdur. Belə şeylərə diqqət etmək istəmirəm. Düşünmürəm ki, Rəfiyevlə münasibətim pozulub.
Şahin Cəfərov