Azərbaycan Premyer Liqasının I turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– “Neftçi” yaxşı komandadır. Bu oyun göstərdi ki, hansı çatışmazlıqlar üzərində işləməliyik. Amma uşaqların performanslarından razı qaldım və oyunboyu bütün epizodlarda oynamağa çalışdılar.
– Çatışmayan hansı məqamları qeyd edə bilərsiniz?
– Əsas hücumda. Düzdür, uşaqlar necə oynamalı olduqlarını bilirlər. Zamanla bunların öhdəsindən gələcəklər.
– Deyəsən, nəticədən razı qalmamısınız…
– Maksimum gücümüzlə hazırlaşmışdıq. Buna görə daha çoxuna ümid edirdik. Bir daha qeyd edirəm, çox güclü komandaya qarşı oynadıq. Lakin hücumda bəzi şeyləri düzgün edə bilsəydik, hər şey fərqli ola bilərdi.
– Son 10 dəqiqədə yorğunluq hiss olundu. Bunu necə izah edərdiniz?
– “Neftçi” də, biz də əvəzetmələrdən istifadə etdik. Bunlar futbolda normal hallardır.
– “Neftçi”ni təhlil edərkən, əsas hansı məqamları nəzərə almışdınız?
– Hər komanda kimi bizim də çatışmazlıqlarımız var. Rəqib haqda danışmaq istəməzdim.
– Stadiondakı atmosfer və ot örtüyü haqda nə deyə bilərsiniz?
– Stadionda gözəl atmosfer var idi. Azarkeşlərimizə bizi dəstəkləməyə gəldikləri üçün təşəkkür edirəm. Ot örtüyünə gəlincə, hər iki komanda üçün şərtlər eyni idi.
– Çoxlu titullar qazanmış məşqçisiniz. Burada hədəfiniz nə olacaq?
– Bütün oyunlarda maksimumu əldə etmək.