Azərbaycan yığmasının məşqçisi Arif Əsədov millidən ayrılıb. 2020-ci ildən millidə çalışan mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Əsədov “FutbolPress“ə açıqlamasında ayrılıq səbəbini izah etdi:
“Yeni baş məşqçi Fernandu Santuşla qısa görüşümüz oldu. Bir ay əvvəl məndən hesabat istəmişdi və təqdim etmişdim. Bakıya gələndən sonra görüşdük, oyunlarla bağlı müsbət fikirdə olduğunu bildirmişdi. Qərarını deyəcəyini söyləmişdi. Dünən federasiyadan bildirdilər ki, mənim millidəki işimi görüb və oyunçuların məni baş məşqçi kimi gördüyünü deyib. Ona görə mənim köməkçi kimi görməyib. Bu baxımdan müqaviləmə xitam verildi. Hazırda AFFA-da işimi davam etdirirəm, AFFA-nın mənə göstərdiyi etimada görə minnətdaram, həyat davam edir. Mən də öz adımdan Santuşa minnətdarlığımı bildirirəm ki, qısa müddətdə işimi dəyərləndirdi və yaxşı mənada məni köməkçi götürmədi. O, məni baş məşqçi kimi hesab edir. Dəyər verdiyi üçün təşəkkür edirəm”.
Klub çalışdırmaq niyyətində olduğunu qeyd edən mütəxəssis təkliflərə açıq olduğunu söylədi:
“Təbii ki, artıq millidən ayrılmışam və təkliflərə açığam. Daha əvvəl təkliflər var idi, ancaq milli olduğu üçün prioritetim bura oldu. İndi qazandığım təcrübəni baş məşqçi fəaliyyətimdə tətbiq edə bilərəm. Fəlsəfəmi öz komandalarımızda tətbiq etmək istərdim”.
Şahin Cəfərov