Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyunundan (5:0) sonra qonaq komandanın baş məşqçisi Xavyer Munyos jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Oyun çətin oldu, rəqibin gücünü bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. “Qarabağ” çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq.
– Bugünkü “Qarabağ” Çempionlar Liqasının qrupunda oynaya bilər?
– Həqiqətən çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandanız var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır.
– İmkanınız olsaydı, “Qarabağ”dan hansı futbolçunu heyətinizə qatardınız?
– Əslinə qalsa, əlimdə olan heyətdəki oyunçulardan razıyam. Bütün futbolçularınız çox güclüdür. Təkcə birini seçmək çox çətindir.