“Kəpəz”dən təklif gələndə iki dəfə düşünmədim”

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” sonuncu yoxlama oyununda “Pelikan”ı böyük hesabla (4:0) məğlub edib. Görüşdə bir qolla yadda qalan yeni transfer Kərim Lkoça “FutbolPress“ə açıqlamasında Azərbaycana gəlişi haqda danışdı:

“Azərbaycan mənim üçün yeni ölkədir. Uyğunlaşma prosesim sürətli gedir. Bu işdə mənə kömək olan komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkür edirəm. “Kəpəz”də özümü xoşbəxt və rahat hiss edirəm”.

Başqa təkliflərinin olduğunu deyən Kərim daha əvvəl klub və ölkə haqda məlumatlı olduğunu bildirdi:

“Düzdür, başqa təklilərim var idi. Amma “Kəpəz”dən təklif gələndə iki dəfə düşünmədim. Çempionat və komanda ilə bağlı məlumatlı idim. Azərbaycan haqda ancaq xoş sözlər eşitmişəm və ona görə çox düşünmədim. Premyer Liqa çətin və rəqabətlidir. Maraqlı mövsüm olacaq.

Yarımmüdafiəçi sonda onu Azərbaycanda təəccübləndirən şeylərdən söz açdı:

“Azərbaycandakı insanların futbola sevgisi məni müsbət mənada təəccübləndirdi. Burada azarkeşlər coşğuludur və komandadan tələbləri çoxdur. Onların ehtirası məni çox təəccübləndirdi. Yeni mövsümdə nəticələrimizlə onları sevindirməyə çalışacağıq”.

Şahin Cəfərov