AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.
Futbolpress.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
Frank de Bleker barədə məlumatı diqqətinizə çatdırırıq:
FRANK DE BLEKER
01.07.1966-cı ildə anadan olub.
1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb.
UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.
UEFA-nın CORE Proqramı (UEFA Mükəmməl Hakimlik Mərkəzi) üzrə Təlimçisidir.
UEFA-nın İstedadlı hakimlər üzrə Mentorudur.
UEFA-nın Hakimlərin İnkişafı Komissiyasının üzvüdür.
Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib.
Belçika Futbol Assosiasiyasında Hakimlərin İnkişafı üzrə şöbənin rəhbəri olub.
KARYERA
Hakimlik fəaliyyətinə 1984-cü ildə başlayıb.
17 il ərzində Belçikanin Yüksək Liqasında keçirilən oyunlarda hakimlik edib (ümumilikdə 242 oyun).
7 dəfə Belçikada ilin hakimi seçilib.
6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.
2009-cu ildə dünyanın ən yaxşı üçüncü hakimi seçilib.
2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrikada keçirilən FIFA dünya çempionatlarında hakimlik edib.
2004-cü ildə Portuqaliyada, 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən (yarımfinal mərhələsinin Rusiya – İspaniya oyunu daxil olmaqla) UEFA Avropa çempionatlarının oyunlarında hakimlik edib.
2005-ci ildə Peruda keçirilən U-17 FIFA dünya çempionatının oyunlarını idarə edib.
UEFA Çempionlar Liqasının 47 oyununda hakimlik edib.
3 dəfə UEFA Çempionlar Liqasının yarımfinal oyunlarını idarə edib (2006, 2010, 2011).
3 dəfə UEFA Avropa Liqasının yarımfinal oyunlarını idarə edib (2007, 2008, 2009).
2009-cu ildə UEFA Superkubokunun final (“Barselona” – “Şaxtyor” Donetsk) oyununu idarə edib.
2009-ci ildə Misirdə keçirilən U-21 FIFA dünya çempionatının oyunlarını idarə edib.
3 dəfə Belçika Kubokunun final oyununu idarə edib.
Uğurlu karyerasına görə Belçikada 2011-ci ildə xüsusi mükafatla təltif olunub.
AVRO-2024-də Hakim-inspektor kimi fəaliyyət göstərib.