“Qartallar”ın iti caynağı…

“Şerif” keçiləsi rəqib idi iddiasını daha inamla və ucadan deməyə imkan verən bir oyun – “Zirə” – “DAC 1904” 4:0.

Rəşad Sadıqov özünün dəsti-xəttinə tam alternativ sayılacaq bir tərz seçdi və “qartallar” özünü möhtəşəm hiss etdi. Meydanda var-gəl edən təmsilçimiz özündən təcrübəli rəqibi idmanın hər mənasında darmadağın elədi.

Bu oyun həm də Sadıqovun praqmatik futboluna rişxənd edib, onun uğurlu ola bilməyəcəyini iddia edənlərin hipotezlərini də darmadağın etdi.

“Zirə” pressinq tətbiq edəndə daha əzəmətli və özünəinamlı olur. Rəşad Sadıqovun “Şerif”ə ələndikdən sonra dediyi, “belə oyunlar böyüməyimizə səbəb olur” sözlərinin təsdiqi…

Çevik və intuitiv dəyişikliklər “Zirə”nin potensialının maksimumunu ortaya çıxardı. Belə detallara, “sırf məşqçi işi” deyilir…

Şahmat gedişləri kimi taktiki dəyişiklikləri sevən gənc mütəxəssis bu oyunlarda fantaziyalarının, uzaqgörənliyinin ən uğurlu “gimnastikasını” edir. Bu “azuqələr” “qartallar”ın daha ucalardan bərq vurmasına zəmin yaradacaq.

Daha yaxşı nəticələr üçün potensialın olduğu Avropa səviyyəli oyunlarda aşkara çıxdı. Bundan sonra “Zirə” heyəti daha optimal formaya salmaq üçün çalışmalıdır. Heyət yaxşılaşdıqca nəticələrin də ona mütənasib olacağına qarantiya verən baş məşqçi formalaşmışkən…

Elçin Cəlilov