“Bayquş” əla iş çıxardı

Yazıya birbaşa pafosla başlamaq olar: “Sabah” yarandığı gündən ən yaxşı oyununu keçirdi.

Yaraşır.

Hayfa “Makkabi”si İsrail futbolunun ikon adlarındandır. “Bayquş”larımızın intellektual oyunla qazandığı qələbə zövq yaşatdı.

Ən optimist adamlar da “Sabah”ın səfərdə 3:0 hesablı qələbə qazanacağını proqnoz etməzdi…

Bu qələbəni sevimli edən ciddi amillər var.

Qəti təsadüfi deyildi. Sürətli cinah reydləri ilə oyun üstünlüyünü yaxalayan “Karmil dağı”nın uşaqları bundan başqa heç nə edə bilmədi. İsrailin üçüncü böyük şəhərinin təmsilçisinə 3 cavabsız qol vuran “Masazır uşaqları” növbəti mərhələnin qapısını araladı…

Adətən, tənqid etdiyim klub rəhbərliyi bu dəfə ən əvvəl tərif ediləcək. Ona görə ki, “bir bildiyimiz var” üslubunda davranıb bu il çox doğru komanda formalaşdırıblar. Bundan da vacibi – Murad Musayevdən sonra uğurlu məşqçi seçə biləcəklərinə inam az ikən, Renduliç qismində Musayevdən də yaxşı birini tapdılar. O baxımdan ki, “Sabah”ın ab-havasına birəbir uyğun mütəxəssisdir.

Renduliç özünü və komandanı özündən güclü rəqibə qarşı yaxşı hazırlaşdırmışdı. Oyunöncəsi mətbuat konfransında dediklərini oxuyun…

Müdafiə və xüsusən, dayaq yarımmüdafiəsi o qədər yaxşı işlədi ki, rəqibin amansız cinah reydləri aciz qaldı. Renduliçə və komandasına həm də fiziki hazırlığın ideal qurulmasına görə alqış düşür. Qarşılaşmanın sonunadək temp düşmədi və “Sabah” yorulmadı. Daim hücum, təşəbbüskarlıq.. Hətta 3 qolluq üstünlükdən sonra belə hərəkətliliyini və nizamını itirməyən təmsilçimiz təcrübəli rəqibə macal belə vermədi.

Xəyalı oyuna saldı. “Sabah” Akademiyasının yetirməsi mükəmməl qol vurdu.

Renduliç hərtərəfli mükəmməl iş çıxarırdı..

Belə davam edəcəyi təqdirdə “Sabah” Konfrans Liqasının qrup mərhələsinə yüksələ bilər. Üstəlik, növbəti mövsüm üçün “Qarabağ”a əsl “başağrısı” gəlir…

Kamil Əhməd