Samir Abasov: “Macarıstana qələbə üçün gedəcəyik”

Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” (Macarıstan) oyunundan (1:2) sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Həddindən artıq çətin situasiya ilə üzləşdik. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qol vurduq, yaxşı oynayırdıq, amma istəmədiyimiz vəziyyət oldu. Hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü bundan da çətin olacaq. Üstünlük rəqibdədir, bizdə isə problemlər var. Futbolçuları oyuna kökləməyə çalışacağıq.

– Oyunun taleyini qırmızı vərəqə həll etdi. Bu ana qədər üstün idiz. Sadəcə bir an var idi ki, komanda qapanmağa çalışırdı. Bu, sizin tapşırığınız idi?
– Tapşırıq deyildi. Sadəcə öz oyunumuzdan çıxdıq. Təhlükəli epizodlar verməsək də, istəmədiyimiz oyunun şahidi olduq. Amma bunun da bir izahı var: təcrübəsiz komandayıq. Bəzi oyunçular oyundan qopdu. Bunların hər biri bizimçün bir təcrübədir.

– Bu oyunda cavab görüşü üçün xoş siqnal gördünüzmü? Səfərdə sərfəli nəticəyə ümid etmək olar?
– Sözün düzü, tam fərqli “Fehervar” gördük. Deyim ki, bizi əlavə nə iləsə təəccübləndirmədilər. Qoldan sonra 10 nəfərlə qalmağımız çətin oldu… Azından səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Bəzi epizodlarda yaxşı oynadıq. 10 nəfər qalmağımıza, qırmızı vərəqə almağımıza köklənməyəcəyik. Macarıstana qələbə üçün gedəcəyik.

– Oyunöncəsi mətbuat konfransında demişdiniz ki, “Fehervar” “Qarabağ” istisna olmaqla digər komandalarımızdan bir baş üstündürlər. Oyun fikrinizi dəyişdimi?
– Dünən dedim ki, biz baxdığımız, ötən çempionatda izlədiyimiz “Fehervar” üstündür. Yeni baş məşqçini yalnız yoxlama oyunlarında görmüşdük. Yoxlama oyunlarında komandanı tutmaq olmur. Ya sən yaxşı olursan, ya rəqib zəif görünür. Mən danışdığım ötən mövsümün “Fehervar”ı idi. Həddindən artıq qeyri-adi intizamla oynayan komandadırlar. Biz bu cür komandalara qarşı nə qədər əziyyət çəkmişik, görmüşük. Bugünkü “Fehervar”dan nələrsə desəm, düz olmaz. Çünki məğlub olmuşuq. Amma gördük ki, bu rəqibə qarşı oynaya bilərik. Ümidimiz mərhələ keçməkdir.

– Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?
– 100 faiz. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.

– Macarıstandakı oyunda müdafiədə kimi oynadacaqsınız?
– Orada oynaya bilənləri çalışacağıq yerləşdirək. Nəsə demək çətindir. Başqa variantlar fikirləşəcəyik.

– Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?
– 30 faiz. Rəqibin üstünlüyü 70 faizdir. Şansımızdan istifadə etməyə çalışacağıq.

– Taktiki planda komandanızı rəqibə uyğun hazırlamaqda seçilən məşqçilərdənsiniz. Maraqlıdır, bu gün gördüyünüz rəqib işinizi asanlaşdırırmı?
– Bizim fikrimiz öz oyunumuzu oynamaqdır. Rəqibə görə oynamaq fikrimiz yox idi. Bütün hazırlığımız öz oyunumuzu ortaya qoymaqdır. Nə olursa olsun, öz oyunun olmalıdır. Düşünürəm ki, bəzi epizodlarda hətta 10 nəfərlə qalsaq da, öz oyunumuzu oynamağa çalışdıq.

– Hakimlikdən razı qaldınız?
– Epizodlara baxmamışam. Həddindən artıq sarı vərəqələr oldu. Sanki hakim oyuna köklənməmişdi. Oyunun əvvəlində verdiyi qırmızı vərəqə o qədər üzdü ki… Həddindən artıq baş sındırmalı olduq.

Şahin Cəfərov