Paris-2024 Olimpiya Oyunlarında Argentina və Mərakeş arasında baş tutan oyun skandalla yadda qalıb.
Futbolpress.az xəbər verir ki, oyunun ikinci hissəsində azarkeşlərin meydana daxil olması səbəbindən görüş dayandırılıb və Mərakeşin 2:1 öndə olduğu vaxtda matça fasilə verilib.
Daha sonra bərpa edilən oyunun 90+16-cı dəqiqəsində argentinalı Kristian Medina hesabı bərabərləşdirib. Bundan sonra yenidən mərakeşli fanatlar meydana daxil olub və matç yarımçıq dayandırılıb. Oyunun nəticəsi isə 2:2 göstərilib.
İki saatlıq fasilədən sonra oyun boş tribunalar qarşısında davam etdirilib və hakim VAR-a baxdıqdan sonra argentinalıların qolunu ofsayd səbəbiylə ləğv edib. Buna qədər isə Olimpiya Oyunlarının rəsmim saytında görüşün yarımçıq dayandırıldığı qeyd edilib.
Argentina Futbol Federasiyası yaşanan skandalla bağlı FIFA-ya şikayət edib. Qurum futbolçuların təhlükəsizliyinin təmin edilməməsindən narazılığını bildirib.
Yekunda görüş Mərakeşin 2:1 hesablı qələbəsiylə başa çatıb.