Azərbaycan klubları bu gün Konfrans Liqasında mübarizəyə başlayacaqlar.
Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”ini keçə bilməyən “Zirə”nin rəqibi Slovakiya təmsilçisi “DAC 1904” olacaq. “Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:30-da start veriləcək.
Avropa Liqasına vida “Zirə”də komanda daxili atmosferə təsirsiz ötüşməyib. Xüsusilə, yarımmüdafiəçi Salif Sumanın “Şerif”lə oyunda qırmızı vərəqə alması və komandanı çətində qoyması müəyyən narazılıqlara səbəb olub. “Qartallar” ev oyununda Slovakiya komandasını məğlub etməklə, “Şerif”lə görüşün nəticəsini unutdurmaq niyyətindədir. Cavab görüşü səfərdə olacaq “Zirə” ev oyununda mütləq qələbə qazanmalıdır. Rəqib keyfiyyətinə görə “qartallar”dan daha üstün olmasa da, avrokubok təcrübəsinə görə bir addım öndə görünür. “Zirə” üçün heç-heçəni də qənaətbəxş hesab etmək olar. Lakin məğlubiyyət komandanın avrokubok macərasının erkən bitməsinə səbəb ola bilər.
Ötən mövsümün sürpriz komandalarından “Sumqayıt” azarkeşləri önündə Macarıstanın “Fehervar” komandasını qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Görüşün favoriti rəqibdir. Buna baxmayaraq, “Sumqayıt” azarkeşlərinin dəstəyi ilə yaxşı nəticəyə ümid edir. “Fehervar”da heyətdə dəyişikliklər var və yeni sistemin, oyunçuların uyğunlaşması üçün zamana ehtiyac var. Bu, “Sumqayıt” üçün üstünlük hesab edilə bilər. Buna baxmayaraq, rəqibin zəngin avrokubok təcrübəsi var. Xüsusilə, müdafiədə diqqətli olmaq və boşluq verməmək lazımdır.
Konfrans Liqasındakı digər təmsilçimiz “Sabah”ın rəqibi isə Hayfa “Makkabi”si olacaq. İsrail təmsilçisi ölkədəki müharibə səbəbindən ev oyununu Macarıstanda keçirəcək. Matça saat 21:15-də start veriləcək. “Makkabi”nin azarkeşlərindən uzaq oynaması “Sabah”ın lehinə ola bilər. Lakin rəqibin kifayət qədər zəngin avrokubok təcrübəsi və keyfiyyətli heyəti var. İlk oyunda əldə ediləcək heç-heçə “futuristlər” üçün yaxşı hesab edilə bilər. “Sabah” ötən mövsüm avrokuboklarda ev matçlarında böyük azarkeş dəstəyi sayəsində yaxşı oyunla nəticələr qazana bilib. Bunun yenidən təkrarlanması üçün Macarıstandan sərfəli nəticə ilə dönmək mütləqdir. Həm “Makkabi”nin, həm də “Sabah”ın heyətində müəyyən dəyişikliklər var. Buna baxmayaraq, komandalar əsas oyunçularını saxlamağı bacarıb.
“Sabah”ın “Makkabi” qarşısında şansı digər təmsilçilərimizlə müqayisədə daha azdır. Lakin futbol komanda oyunudur və məğlubedilməz rəqib yoxdur. “Sabah” müdafiədə maksimum etibarlı oynayıb, əks-hücumlarda rəqibin boşluqlarını yaxalaya bilsə, səfərdən yaxşı nəticə ilə dönə bilər.
Konfrans Liqasında cavab görüşləri bir həftə sonra olacaq.