“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində sabah Slovakiyanın “DAC 1904” (“Dunayska Streda”) komandası ilə qarşılaşacaq. “Liv Bonadea Arena”da baş tutacaq görüşə saat 20:30-da start veriləcək.
Slovakiya təmsilçisi avrokuboklar mövsümünə bu görüşlə start verəcək. “Zirə” isə buna qədər iki rəsmi matç keçirib. “Qartallar” Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”ini ilk oyunda məğlub etsə də (1:0) cavab görüşündə penaltilər seriyasında (əsas vaxt 1:2, penaltilər 4:5) uduzub və Konfrans Liqasına yuvarlanıb.
“DAC 1904″ün əsas adından göründüyü kimi 1904-cü ildə qoyulub. Rəngləri sarı-göy olan komandanın avrokuboklardakı ən yaxşı nəticəsi sonuncu dəfə 2022/23 mövsümündə olub. Slovaklar Konfrans Liqasında III təsnifat mərhələsinə qədər irəliləsə də, burada Rumıniyanın “Styaua” komandasını keçə bilməyib. “DAC 1904” 2020/21 mövsümündə isə Avropa Liqasında III təsnifat mərhələsinə qədər gəlmiş, amma Avstriya LASK-ına böyük hesabla (0:7) uduzaraq mübarizəni dayandırıb.
“Zirə” ilə müqayisədə daha çox avrokubok təcrübəsi olan slovakların heyətinin dəyəri isə 14,08 milyon avrodur. “Zirə”də isə bu rəqəm 10,10 milyondur. Komandanın ən dəyərli oyunçusu qapıçı Aleksandar Popoviçdir. Onun “transfermarkt”da “bazar qiyməti” 2 milyon avrodur. Slovakların heyətində Milan Vitalis, Matey Truşa kimi potensiallı gənc oyunçular var.
Azərbaycan və Slovakiya təmsilçiləri arasında buna qədər avrokuboklarda 6 görüş baş tutub. Bunların 2-də təmsilçilərimiz, 4-də isə slovaklar qələbəyə sevinib. Sonuncu dəfə bu ölkə klubları 2009-cu ildə Avropa Liqasında üz-üzə gəliblər. “Spartak Trnava” keçmiş “İnter”i iki oyunda da (2:1, 3:1) məğlub edərək mərhələ adlayıb.
“Zirə” – “DAC 1904” cütünün aşkar favoriti yoxdur. “Zirə” ilk oyunu evdə keçirəcək və qazanılacaq qələbə komandaya cavab oyunu öncəsi üstünlük yarada bilər. Qeyd edək ki, slovaklar da müdafiəyönümlü oyunu ilə seçilir və onların sistemini yarmaq üçün “Zirə” oyunçularının üzərinə böyük iş düşəcək.