Azərbaycan klubları bu həftə avrokuboklarda oyunlarını keçirəcəklər.
“Qarabağ” Çempionlar Liqasında, “Zirə”, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında mübarizəyə qoşulacaqlar. Komandalar arasında “Zirə” artıq iki oyun keçirib. Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə duellərdən məğlub ayrılan “qartallar” yoluna Konfrans Liqasında davam edəcək.
Azərbaycan Premyer Liqasının son qalibi “Qarabağ” sabah ilk oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi “atlılar” Cəbəllütariqdə “Linkoln”la üz-üzə gələcək. Bu, həm də “Qarabağ” üçün mövsümün ilk rəsmi matçı olacaq. Rəqib I təsnifatda Maltanın “Hamrun” kollektivini iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. “Linkoln” “Qarabağ” üçün tanış addır. “Atlılar” ötən mövsüm də turnirdəki mübarizəyə məhz bu rəqiblə duellərlə başlamışdı. I təsnifat mərhələsində “Linkoln”la üz-üzə gələn “Qarabağ” hər iki matçda qələbə qazanaraq, mərhələ adlayıb. Cəbəllütariqdə 2:1 hesabıyla qələbə qazanan “atlılar” cavab görüşündə Bakıda 4 cavabsız qola sevinmişdi.
“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” (DAC) komandası ilə Bakıda üz-üzə gələcək. Avropa Liqasında “Şerif”ə cavab oyununda penaltilər seriyasında uduzan “qartallar” məğlubiyyəti unutdurmaq arzusundadır. Bakıda Slovakiya təmsilçisi ilə oyunda qazanılacaq qələbə komandada atmosferi yüksəldəcək, həm də cavab oyunuöncəsi üstünlük yaradacaq. DAC isə bu mövsümün ilk rəsmi oyununa çıxacaq. Turnirə II təsnifat mərhələsindən başlayacaq slovaklar ötən mövsümü çempionatda ikinci sırada bitiriblər.
“Sumqayıt”ın rəqibi isə Macarıstanın “Fehervar” komandası olacaq. “Kimyaçılar” ilk oyunu evdə – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda azarkeşləri önündə keçirəcək. “Fehervar” Macarıstanın keyfiyyətli komandalarından hesab edilir. Sumqayıtda qələbə mütləqdir. Heç-heçə belə rəqib üçün sərfəli olacaq. “Fehervar” Azərbaycan futboluna tanış addır. Komanda daha əvvəl Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşmış və iki oyunun nəticəsinə görə mərhələ adlamağı bacarmışdı.
“Sabah”ın rəqibi isə digər təmsilçilərə baxmış ən çətinidir. Avrokuboklarda kifayət qədər təcrübəli olan “Makkabi” ilə ilk oyun Macarıstanda baş tutacaq. İsraildəki müharibə səbəbindən Hayfa təmsilçisi ev oyununu ölkəsindən uzaqda keçirməlidir. “Makkabi” heyətinə və təcrübəsinə görə “futuristlər”i üstələyib. Hayfalılar bir neçə il bundan əvvəl Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”ni iki oyunun nəticəsinə görə keçmişdi. Cütün favoriti “Makkabi”dir, ancaq… “Sabah” ötən mövsüm tarixində ilk dəfə qatıldığı Konfrans Liqasında yaxşı çıxışı ilə diqqət çəkdi. II təsnifatda Latviyanın RFŞ komandasını üstələyən “Sabah” növbəti – III təsnifatda Serbiyanın köklü klubu “Partizan”a rəqib oldu. Bakıda güclü rəqibini iki cavabsız qolla üstələyən “Sabah” səfərdə penaltilər seriyasında rəqibinə məğlub oldu. İndi yeni mübarizə başlayır və heyətində bəzi dəyişikliklər edən, güclənməkdə olan “futuristlər”ə ümid böyükdür. Xüsusilə, ilk oyunda məğlub olmamaq “Sabah”ın şanslarını artıracaq.
Azərbaycan klublarının avrokubok oyunları:
23 iyul
20:00 Linkoln – Qarabağ
25 iyul
19:30 Zirə – Dunayska Streda
20:00 Sumqayıt – Fehervar
21:15 Makkabi – Sabah