Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Şerif” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Oyunu şərh etmək çətindir. Matçı iki hissəyə bölməliyik. “Qırmızı”dan əvvəl və sonrası. Buna qədər hər şey istədiyimiz kimi keçirdi, nəzarət bizdə idi. Qapımızda təhlükəli hücum imkanı vermirdik. Hesabda da öndə idik və rəqib irəi atılmışdı. Həmin dəqiqələrdə daha təmkinli olmaq istəyirdik. Təəssüflər olsun, heç nədən “qırmızı” aldıq. İlk hissənin sonları rəqibin üstünlüyü ilə heçdi. Onların da fəlsəfəsi uzun ötürmələr, cinahlardan asmalar idi. Uşaqlar yaxşı, əzmkar mübarizə apardılar. Ara-sıra əks-hücumlara çıxırdıq. Məyus edən odur ki, rəqibə real qol imkanı vermədən uduzduq. İki qorxduğum epizod qol oldu. Məyusuq, amma bu məğlubiyyət böyüməyimizə səbəb olacaq. Situasiyanı düzgün təhlil etməliyik. Uşaqlara təşəkkür edirəm, yaxşı mübarizə apardılar.
– Əvəzetmələri necə izah edə bilərsiz? Bəlkə, Junioru buraxardınız, Hacıağa ehtiyatda qalardı?
– Dayaq yarımmüdafiəçimiz Hacıağa idi. İlk dəqiqələrdən Zebli və Hacıağa ilə başlamağa qərar verdik. Bəzi rotasiyalar etmişdik. Hər şey qaydasında gedirdi. Sadəcə qırmızıdan sonra qopdu. Rəqibin oyun fəlsəfəsi asmalar, uzun ötürmələr idi. Ona görə də, 5-3-1 sisteminə keçdik ki, hesabı qoruyaq, əks-hücumda rəqibi tutaq. Əslində, oyunu penaltilərə qədər daşıdıq. Qalib gəlsəydik, əminəm ki, hər kəs dəyişiklərin effektiv olduğundan danışacaqdı. Məğlubsansa, bunlar müzakirə edilir.
– Rüstəm Əhmədzadədən gözlədiyinizi ala bildiz?
– İşi çətin idi. Öndə tək forvard idi. Rəqib böyük qüvvə ilə hücum edirdi. Təbii ki, daha çoxunu gözləyirdim. Hər mübarizədə də hakim əks istiqamətə foul verirdi, imkan vermirdi ki, Rüstəm mübarizə aparsın.
– Hakim ikinci yarıda birtərəfli foullar verdi…
– Danışacam, deyəcəklər hakimlikdən danışır. Hamı hiss edirdi ki, hakimin rəqibə simpatiyası var idi.
– Müdafiəyəmeyilli oynadıqdan sonra iki qol buraxdız.. Bu, nə ilə bağlı idi?
– Narahat olduğumuz məqamlardan qol buraxdıq. İlk qol ani diqqətsizlikdən oldu. Qismətdir. Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq. Amma bir qol, bir assist etdi, sonda da penaltini vurdu.
– Sumanı cəzalandırmağı düşünürsüz?
– Təbii olaraq. Epizoda baxmamışam. Günahı varsa, böyük cəza alacaq.