Bəxtiyar Həsənalızadə, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev… bəli, 2023-cü ilin yayında Azərbaycanı tərk edən, bəh-bəhlə legioner həyatı yaşayacaqlarını elan etdiklərimiz indi üzübəri qayıdır.
Bəxtiyar “Araz-Naxçıvan”la, Şahruddin və Musa “Qarabağ”la, Ramil isə “Neftçi” ilə razılaşdı. Ehtimaldır ki, siyahı uzanacaq, son olaraq Türkiyədə oynayan Coşqun Diniyev də hazırda azad agentdir və demək olar, qayıtması hər an mümkündür. Onun da “Səbail”lə adı hallandı, hallandı sonra dayandı. Bircə o, qərar verməyə tələsmir.
İllərdir Azərbaycan futbolunda yerli oyunçuların legioner olmaq istəməməsi ilə bağlı problem davam etməkdədir. Ötən ilin yayında situasiya bir az dəyişmişdi, amma yenə qayıtdıq – köhnə hamam, köhnə tas.
Türkiyəyə üz tutanların belə tez qayıtmasında klublarının yaşadığı maliyyə problemlərinin də səbəbi var. Amma xarici ölkələrdən təklifləri olanların Bakıya dönüşü təəccüblüdür. Bəxtiyar artıq 30-u keçib, qayıtmaq istəməsi başadüşüləndir, amma Ramil, Musa, Şahruddin?
Xüsusilə də, Musa… Böyük ümidlərlə İsveçin “Yurqorden” komandasına keçən forvard gözləntiləri qarşılamaq bir yana, bir az daha qalsaydı, qol vurmağı unudardı. Şeydayev də onun kimi… 2022/2023 mövsümündə Azərbaycan çempionatının bombardiri olan bu iki ad legioner kimi özlərini göstərməyi bacarmadılar.
Milli futbolçularımızın Avropaya çıxışı nə oldu? Başqa bahara qaldı… amma hansı bahar? Bəlkə də, elə son baharları oldu…
Şahin Cəfərov