Çempionlar Liqasının II təsnifat mərhələsinin cütləri məlum olub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” bu raundda Cəbəllütariqin “Linkoln” klubu ilə üz-üzə gələcək.
Sözügedən komanda “Qarabağ” üçün yad ad deyil. “Atlılar” ötən mövsüm də turnirdəki mübarizəyə məhz bu rəqiblə duellərlə başlamışdı. I təsnifat mərhələsində “Linkoln”la üz-üzə gələn “Qarabağ” hər iki matçda qələbə qazanaraq, mərhələ adlayıb. Cəbəllütariqdə 2:1 hesabıyla qələbə qazanan “atlılar” cavab görüşündə Bakıda 4 cavabsız qola sevinmişdi.
“Linkoln” ölkəsinin ən titullu komandası olmasına baxmayaraq, Avropa arenasında “Qarabağ”la müqayisə ediləcək səviyyədə deyil. Cırtdan ölkə təmsilçisi hesab edilən cəbəllütariqlilər I təsnifatda Malta “Hamrun”unu çətinliklə keçib. “Qarabağ”ın əvvəlki illərdə avrokuboklardakı nəticələri, qazandığı təcrübə bu mərhələnin asan keçiləcəyini düşünməyə əsas verir.
Buna baxmayaraq, “Qarabağ” mövsümün ilk rəsmi matçına çıxacaq. Hər ilin əvvəli uyğunlaşma problemi yaşayan “Qarabağ”ın xüsusilə ilk matçda – səfərdə bir az narahatlıq yaşayacağı istisna edilmir. Hər bir halda, cavab görüşü Bakıda olacaq və mərhələ keçilməsi vacibiyyatdır. Hər iki oyunda qazanılacaq qələbə komandanı növbəti mərhələyə daşımaqla yanaşı, Azərbaycanın UEFA-dakı reytinqinə də təsir edəcək.
“Qarabağ”la yanaşı, “Zirə”, “Sabah” və “Sumqayıt” da avrokubokların iştirakçısıdır. İlk mübarizəyə başlayan “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Zirə”yə qalib gəlməklə (1:0) ölkənin UEFA reytinqinə ilk töhfəsini – 250 xalı verib. Qarşıda “qartallar”ın cavab görüşü var və qələbə həm mərhələ, həm də UEFA reytinqi qazandıracaq.
Şahin Cəfərov