Azərbaycan Premyer Liqasının başlamasına 15 gün vaxt qalıb.
Artıq bir müddətdir, komandalar yeni mövsümün hazırlıqlarını davam etdirir. “Kəpəz”, “Şamaxı” Azərbaycanda hazırlaşır, digər komandalar isə Türkiyə, Sloveniya, Avstriyada toplaşıblar.
“Qarabağ” buna qədər hazırlıq prosesində iki yoxlama oyunu keçirib. “Atlılar” Almaniyanın “Kayzerslautern” komandasına məğlub olub (1:3), Çexiya təmsilçisi “Viktoriya”ya isə qalib gəlib (2:1). Qurban Qurbanovun komandası bu gün daha iki görüş keçirəcək. “Qarabağ” əvvəlcə Xorvatiyanın “Slaven Belupo”, daha sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şabab” kollektivi ilə üz-üzə gələcək. Son çempion transfer çalışmalarını da davam etdirir. “Qarabağ” buna qədər qapıçı Fabian Buntiç və hücumçu Musa Qurbanlını transfer edib. Komandanın sabiq forvardı Mahir Emrelinin də qayıdışı gündəmdədir.
“Qarabağ”da əsas problem qapıçı mövqeyi ilə bağlıdır. Buntiç transfer edilsə də, Andrey Lunyov və Luka Quqeşaşvili komandanı tərk edib. Digər qolkiper Amin Ramazanov isə ciddi zədə alıb və uzun müddət oynamayacaq. “Qarabağ” daha əvvəl bir qapıçının transferini planlaşdırırdısa, indi bu say iki olub. “Atlılar” bir yerli, bir legioner qapıçı transferini düşünür.
Premyer Liqanın son çempionu yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Komanda turnirdə “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda “Linkoln” qələbə qazanıb – 1:0.
“Qarabağ” ilk oyunu iyulun 23-də səfərdə, cavab görüşünü isə bu ayın 30-da Bakıda keçirəcək.
Kamil Əhməd