“Zirə” bu gün Avropa Liqasında mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, “qartallar” I təsnifat mərhələsində Moldovanın “Şerif” komandasının qonağı olacaq. Görüşə saat 21:00-da start veriləcək.
Bu, “Zirə”nin tarixində üçüncü yeddinci avrokubok görüşü olacaq. “Qartallar” beynəlxalq arenada debütünü 2017/18 mövsümündə edib. Komanda həmin vaxt I təsnifatda Lüksemburqun “Differdanj” klubunu iki oyunda da məğlub edərək (2:0, 2:1) mərhələ adlayıb. “Qartallar” həmin mövsüm II təsnifatda Rumıniyanın “Astra” komandası ilə bacarmayıb (1:3, 0:0).
“Zirə”nin növbəti avrokubok sınağı 2022/23 mövsümünə təsadüf edib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi “Makkabi” ilə üz-üzə gəlib. Birinci oyunda Bakıda 0:3 hesabıyla uduzan “Qartallar” səfərdə qolsuz heç-heçə etməsinə baxmayaraq, mübarizəni dayandırıb.
Ümumiyyətlə, “Zirə” avrokuboklarda keçirdiyi 6 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 2-də isə uduzub. Bu gün isə bu rəqəmlərdən biri artıq dəyişəcək…
Budəfəki sınaq isə “Şerif”ə qarşıdır. Avropa arenasında kifayət qədər təcrübəsi olan, vaxtilə Avropa Liqasında, Çempionlar Liqasında qruplarda oynayan “Şerif” nə qədər yaxşı dövrünü keçirməsə də, təhlükəli rəqib olduğu məlumdur. Xüsusilə, heyətində daha çox afrikalı legionerlərə üstünlük verən moldovalılar evində qələbə üçün meydana çıxacaq.
“Zirə”nin səfərdə heç-heçəsi də sərfəli nəticə hesab edilə bilər.