Abdullayev: “Qriqorçukun gəlişi çempionata rəng qatacaq”

“Hər şey qaydasındadır. Bakıda hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Komanda yavaş-yavaş toplanır”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev söylədi. Yarımmüdafiəçi klubla yeni müqavilə imzalaması haqda bunları dedi:

“Başqa təkliflər var idi, ancaq qəbul etmədim. “Araz-Naxçıvan”ın məndə yeri ayrıdır və ona görə ilk seçimim bura oldu. Məşqçilər məni görmək istədiklərini dedilər və qaldım. Çalışacam ki, etimadı doğruldum və komanda üçün faydalı olum”.

Abdullayev komandanın yeni mövsümdəki hədəflərindən söz açdı:

“Hədəflər yüksək olmalıdır. Mövsümə yaxşı başlamaq və davamını gətirmək istəyirik. İnşallah, hədəflərimizə çatacağıq”.

Vadim 2015/16 mövsümündə “Qəbələ”də baş məşqçi Roman Qriqorçukla işləyib. Ukraynalı mütəxəssis indi isə “Neftçi”yə baş məşqçi təyin edilib. Abdullayev Qriqorçukun Azərbaycan çempionatına qayıdışına da münasibət bildirdi:

“Qriqorçuku yaxşı tanıyır, onun işinə, məşq prosesinə bələdəm. Onun gəlişi çempionata rəng qatacaq. Eyni zamanda, “Turan Tovuz”da da Kurban Berdıyev dönəmi başlayıb. Onun təqdimata ehtiyacı yoxdur. Yeni mövsüm maraqlı və gərgin olacaq. Bu mütəxəssislərin gəlişi rəqabəti artıracaq, digər komandalar üçün də motivasiya olacaq”.

Şahin Cəfərov