Proqnoz: “Finalın Fransa ilə İngiltərə arasında olacağını düşünürəm”

Avro-2024-də 1/4 final mərhələsinə yekun vurulub. Artıq yarımfinalın da cütləri bəllidir. Favoritlər İspaniya və Fransa final yolunda üz-üzə gələcək. Digər iddialı İngiltərənin rəqibi isə Niderland seçməsi olacaq.

Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov “FutbolPress“ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

“Yenilik olmadı. Yəni, çempionat başlamazdan bu komandaların daha çox yol qət edəcəyi bilinirdi. Bəlkə, almanların bəxti gətirmədi. Digər xətdə olsaydılar, yarımfinal görə bilərdilər. Ümumi götürsək, Fransa – İspaniya oyunu maraqla gözlənilir. Bu komandalar ayrılıqda çox güclüdürlər. İspanlar topa daha çox sahib olub, qısa ötürmələrlə hücum qura bilən komandadır. Fransızların müdafiəsi, bütün xəttlərdəki balansı yaxşıdır. Çox güclü oyunçuları var. Maraqlı oyun bizi gözləyir. Düşünürəm ki, Fransa – İspaniya oyununda ispanların nə qədər öndə oynamağa çalışması əsasdır. Çünki fransızların sürətli oyunçuları var və əks-hücumlar sayəsində qol vura bilərlər. Şansları bərabər qiymətləndirirəm”.

Mütəxəssis İngiltərənin Niderlanddan daha üstün olduğunu və bir addım öndə olduğunu qeyd etdi:

“İngiltərə – Niderland cütündə isə ingilislərin şanslarının daha çox olduğunu düşünürəm. Niderland türklərlə oyunda müdafiədə riskli görünürdülər. Cinahları da boş qoyurdular. Türkiyə yığmasının ustalıq səviyyə çatmadı bundan yararlanmağa. Türklər açıq futbola keçəndən sonra kifayət qədər şans yarada bilmişdi. İndi İngiltərə yığmasında keyfiyyətli oyunçular var və bu boşluqları doldura bilərlər”.

Həmsöhbətim sonda finalla bağlı proqnoz verdi:

“Finalın Fransa ilə İngiltərə arasında olacağını düşünürəm. Məncə, onlar digər rəqiblərdən cüzi öndə görünürlər. Fransa ilə İspaniyada şanslar bərabərdirsə, İngiltərənin Niderland önündə cüzi üstünlüyü var”.

Şahin Cəfərov