“Sumqayıt”ın legioneri: “Avrokuboklarda oynayacağım üçün həyəcanlıyam”

“Sumqayıt”ın futbolçusu İsa Sulimanın “FutbolPress“ə müsahibəsi:

– Bir müddətdir, yeni mövsümün hazırlıqlarına başlamısınız. Təlim-məşq toplanışı necə gedir?
– Hazırlığımız yaxşı gedir. Qısa fasilədən sonra yenidən komandaya qayıtmaq xoş hissdir və yeni mövsümü səbirsizliklə gözləyirik.

– Konfrans Liqasında ilk oyuna bir aydan az vaxt qalıb. Rəqibi təhlil etmisinizmi, hansı oyun üslubu ilə meydana çıxacaqsınız?
– Əvvəlcə fiziki hazırlığımıza diqqət edirik. Məşqçimiz hazır olduğumuza əmin olandan sonra artıq necə oynayacağımızı müəyyənləşdirəcəyik.

– “Fehervar”la oyunlarda şanslarınızı necə dəyərləndirirsiniz?
– Əlbəttə, yaxşı şansımız var və özümüzə inanırıq. Avrokuboklarda oynayacağım üçün həyəcanlıyam. Hər oyunçu belə turnirlərdə oynamaq, təcrübə qazanmaq istəyər.

– Ötən mövsüm komanda üçün uğurlu alındı. İndi hədəflər böyüməlidir… Yeni mövsümdən gözləntilərin nədir?
– Ötən mövsümü yaxşı keçirdik və nəticələrimizlə fəxr edirik. Düzdür, bəzi oyunlar oldu ki, istədiyim kimi alınmadı. Yaxşı oynadıq, ancaq üç xal əldə edə bilmədik. Yeni mövsümdə belə məqamlardan da yararlanmaq lazımdır. İnanıram ki, bunları edə bilsək, daha yaxşı nəticələr qazanarıq.

– Avro-2024-ün oyunlarını izləyirsinizmi? Vaxtilə formasını geyindiyiniz İngiltərə yığmasının oyununu necə dəyərləndirirsiniz?
– Avro-2024-ün bütün oyunlarını izləyirəm. İngiltərə yığmasının yaxşı heyəti olsa da, əyləncəli futbol oynamırlar. Buna görə onların oyununu izləmək çətindir. Buna baxmayaraq, 1/4 finala yüksəldilər. İngiltərə millisində dostlarım var, onlara sona qədər dəstək olacam.

Şahin Cəfərov