Türkiyə millisi Avro-2024-də 1/4 finala yüksəldi. “Ay ulduzlular” 1/8 final mərhələsində Avstriyanı məğlub etdilər – 2:1.
Azərbaycan yığmasının məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Türkiyənin oyununa proqnoz vermək çətin idi. Çünki Avstriya onlara qədər yaxşı və sürətli oyunla seçilmişdi. Lakin matç göstərdi ki, türklərdəki qələbə ruhu öz sözünü dedi. Bütün türk dünyasını sevindirdilər. Onlar bu ruhu qorusalar, növbəti mərhələni də keçə bilərlər. Minimum hədəf qrupdan çıxmaq, maksimum isə yəqin, 1/4 finala yüksəlmək idi. Ancaq bundan sonra hansı mərhələ keçilsə, tarixi nəticə olacaq”.
Mütəxəssis Rumıniya – Niderland matçı (0:3) haqda da danışdı:
“Favorit Niderland idi. Rumıniyanın daha çox komanda oyununa bel bağlayacağını, nizamlı olacağını gözləyirdik. Niderlandın isə keyfiyyəti, oyunçuların ustalıq səviyyəsi daha yaxşı idi. Onlar kimi komandalar ilk qolu vurandan sonra daha rahat oynayırlar. Bunu göstərdilər və daha iki qol vurmaqla layiqli şəkildə növbəti mərhələyə yüksəldilər”.
Türkiyə 1/4 finalda Niderlandla üz-üzə gələcək. Əsədov komandaların şanslarını dəyərləndirdi:
“Türkiyə millisində artıq təzyiq yoxdur. İndi meydana daha rahat çıxacaqlar. Şansları bərabər hesab edirəm. Onların əzmkarlığı, qalib ruhu, arzusu türklərin üstünlüyüdür. Başqa nəsə demək çətindir”.
Şahin Cəfərov