“Neftçi”… yenə əsəbiləşdim” – veteran futbolçu

Azərbaycan Premyer Liqası klubları 2024/25 mövsümü üçün hazırlıqlarına başlayıb. Avrokuboklarda mübarizə aparacaq komandalar daha tez toplanıb.

Ötən mövsümü 5-ci sırada bitirən “Neftçi”də isə qeyri-müəyyənlik hökm sürür. Belə ki, klubun icraçı direktoru, baş məşqçisi yoxdur. Bununla yanaşı, artıq “ağ-qaralar”dan ayrılan futbolçular da az deyil.

Veteran futbolçu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında “Neftçi”nin durumunu şərh etdi:

“Neftçi”… yenə əsəbiləşdim. Nə deyim? Bu günlərdə komandanın adı Roman Qriqorçukla hallanır. Gah Sərgən Yalçın, gah Joze Mourinyo… amma nəsə rəsmiləşən bir şey yoxdur. Bunu bilirəm ki, “Neftçi” gecikir. Baxırsan, digər klublar transfer işlərinə, yeni mövsümün hazırlıqlarına başlayıb, amma “ağ-qaralar”da hələ sakitlikdir. Bu, “Neftçi”yə yaraşmır. Qısa zamanda məsələlər həll edilməli idi. “Neftçi” kimi komanda belə qalmamalıdır. Yeni baş məşqçi də gələndən sonra deyəcək ki, vaxt itirdik, heyəti yığa bilmədim. Bu, onlarçün bir bəhanə olacaq”.

Şahin Cəfərov