Avro-2024-də A qrupunun oyunlarına yekun vurulub.
Meydan sahibi Almaniya, İsveçrə, Macarıstan və Şotlandiyanın mübarizə apardığı qrupda üç turdan sonra almanlar və isveçrəlilər adını növbəti mərhələyə yazdırıb. Dünən Şotlandiyanı son dəqiqə qolu ilə məğlub edən macarlar isə 1/8 final şansını saxlayıb. Marko Rossinin rəhbərlik etdiyi kollektiv ən yaxşı üçüncü kimi növbəti raunda yüksələ bilər. Bununçünsə bütün qruplar yekun cədvəl müəyyənləşməli və macarlar üçüncülər arasında üst sıralarda olmalıdır.
Almaniya millisi həm qrupun, həm də turnirin favoritidir. Açılış oyununda Şotlandiyanı darmadağın edən (5:1) “bundestim” növbəti matçda da macarlara qalib gəlməklə (2:0) 1/8 finala vəsiqəni təmin etdi. İsveçrə ilə liderlik mübarizəsində isə “sülh” qeydə alındı. Almaniya yığması əvvəlki iki oyuna nisbətən zəif çıxış etsə də, son dəqiqələrdə Fulkruqun qolu birincilik üçün kifayət etdi.
İsveçrə qrupdan çıxmağa digər əsas namizəd idi. Komanda birinci turda ikincilik yolundakı əsas rəqibi macarları məğlub edərək (3:1) üstünlüyü ələ aldı. Bundan sonra isə Şotlandiya və Almaniya ilə heç-heçələr komandanı növbəti tura yüksəldi. İsveçrə favorit Almaniya ilə matçda da xoş təsir bağışladı və asan rəqib olmadığını göstərdi.
Macarıstan qrupu üçüncü sırada bitirdi və indi gözləmədədir. Rossinin komandası üç oyunda 5 qol buraxıb və 2-ni vurub. Hazırda qruplarda üçüncülər arasında üçüncü sırada qərarlaşan macarlar Albaniya, Sloveniya və Çexiyadan birinin daha zəif çıxış etməsini gözləməlidir. Ümumiyyətlə, qruplardan ən yaxşı üçüncü olan 4 komanda növbəti tura yüksələcək.
Şotlandiya daha bir böyük turniri uğursuzluqla qapadı. Qrupda qələbə görməyən şotlandlar bir matçda – İsveçrə ilə görüşdə xal qazanıb (1:1). Çempionata böyük hesablı məğlubiyyətlə başlayan (1:5) şotlandlar üç oyunda cəmi iki qol vura bilib.
A qrupunda sürpriz yaşanmadı. Favoritlər – Almaniya və İsveçrə adını növbəti mərhələyə yazdırdı.