Azərbaycan idmançısı Yunanıstanda “qızıl” qazandı

15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Futbolpress.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – İsa Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.

İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.