Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında qrup mərhələsinin I turu başa çatdı.
Favoritlər – Almaniya, İspaniya, İngiltərə və Fransa ilk oyunlarını qələbə ilə başa vurdular. Almanlar və ispanlar rahat qələbə qazandısa, İngiltərə və Fransa gözləniləndən pis çıxış etdi və çətinliklə üç xalı əldə etdi. Xüsusilə, ingilislər serblərin güclü müqaviməti ilə üz-üzə gəldi.
Qrup mərhələsinin I turunun sürprizi isə E qrupunda qeydə alındı. Qrupun favoriti göstərilən Belçika birinci matçda slovaklarla bacarmadı. Domeniko Tedeskonun rəhbərlik etdiyi kollektiv geriyə düşdükdən sonra bir neçə real qol şansı yaxalasa da, hücumçu Romelu Lukaku ya müdafiəçilərə, ya da VAR-a ilişdi. Daha bir maraqlı məqam, Belçika – Slovakiya oyununda məhz forvardın vurduğu iki qol VAR-ın müdaxiləsi ilə ləğv edildi. Bu görüş bəlkə də, birinci turun ən maraqlı və gərgin matçı oldu.
Daha bir sensasiya isə bu qrupda Rumıniya ilə Ukrayna duelində yaşandı. Ukraynalılar görüşdən əvvəl favorit göstərilsə də, qələbə bir yana, heç qol vura bilmədi… əvəzində rumınlar üç cavabsız qollar onları məyus etdi. Vəziyyətin ən qarışıq olduğu E qrupunda Belçika – Rumıniya və Slovakiya – Ukrayna matçları olacaq. İlk turun sürpriz müəllifləri yenə qələbə qazansa, Belçika və Ukrayna Avro-2024-dən kənarda qalacaq – ən yaxşı üçüncü olmasalar…
F qrupunda isə sürprizə az qalsa da, olmadı. Portuqaliya 69-cu dəqiqəyə qədər geridə olduğu görüşdə son dəqiqə qolu ilə çexləri məğlub etdi. Kriştiano Ronaldonun üzərindən qurulan, demək olar, hər topun ona atılmalı olduğu sistem artıq işləməməyə başlayır. Düzdür, Ronaldonun forması yerindədir, sadəcə bəzi epizodlarda daha əlverişli vəziyyətdə olan oyunçuların gözünün Ronaldonu axtarması, “qapını” yoxlamaması komanda adına çətinlik yaşatdı. Son dəqiqələrdə gələn qol isə böyük sevincə səbəb oldu.
Qrupun digər görüşündə isə Türkiyə yığması son dəqiqələri ağır keçən görüşdə Gürcüstanı məğlub etməyi bacardı. Gürcülər zəif olmadığını, müqavimət göstərmək potensialında olduqlarını büruzə verdi. Hətta son dəqiqələrdə bərabərlik qoluna da yaxın idilər, sadəcə dirək və türkiyəli müdafiəçi Samet Akaydının etibarlı oyunu komandaya qələbə qazandırdı.
İlk turdan sonra A, B, C, D və F qrupunda sürpriz yaşanmadı, favoritlər çətin olsa da, qələbə qazandı. Yeganə sensasiyanın yaşandığı E qrupunda isə ikinci tur görüşləri daha maraqlı olacaq.
Şahin Cəfərov