Premyer Liqanın dəyəri artdı: “Neftçi” düşüş yaşadı, “Qarabağ” və “Kəpəz”də artım

“Transfermartk” portalı Azərbaycan Premyer Liqasında oynayan futbolçuların dəyərlərini yeniləyib.

Futbolpress.az xəbər verir ki, qiymət artımlarından sonra çempionatın dəyəri 85,13 milyon avroya yüksəlib. Bu rəqəm daha əvvəl 80,18 milyon avro idi.

Premyer Liqanın ən dəyəri heyəti “Qarabağ”dadır. Son çempionun “bazar dəyəri” 16,55 milyon avrodur. Komanda əvvəlki rəqəmlə nisbətdə 12,4 faiz artım yaşayıb.

Ən yüksək artım “Kəpəz”dədir. Komandanın dəyəri 33,3 faiz artaraq, 5 milyon avroya yüksəlib.

Ən böyük eniş yaşayan isə “Neftçi”dir. Premyer Liqada mövsümü 5-ci sırada tamamlayan “ağ-qaralar”ın dəyəri 10,35 milyon avrodur. “Neftçi” 10,4 faizlik eniş yaşayıb.

Azərbaycan çempionatının ən dəyərli oyunçuları “Qarabağ”ın futbolçuları Juninyo (2 milyon avro), Leandro Andrade (1,5 milyon avro), Yassin Benzia və Nariman Axundzadədir (hər ikisi 1,2 milyon avro).