…bəs Qurban Qurbanov hara baxır?

AFFA rəhbərliyindəki dəyişiklikdən üç aya yaxın vaxt keçir və bu müddətdə qəbul olunan qərarlar, atılan addımların əksəri tənqidlə qarşılanıb. Böyük ümidlərlə gözləntilər puç olmaqdadır…

Mənası bilinməyən uzun gözləmədən sonra, nəhayət, bu gün milli komandanın baş məşqçisi məlum oldu – 69 yaşlı Fernandu Santuş.

Son iş yeri “Beşiktaş”dan qovulan portuqal mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Portuqaliya millisi ilə Avropa çempionu olsa da, zəngin portfolio sahibi olsa da, Santuşun uğursuzluğu uğurundan çox olub. (oxu)

Mütəxəssislər bildirir ki, müasir futbolda ortabab komandalara daha çox gənc, ambisiyalı məşqçilər təyin olunur. AFFA-nın fikri, ideyası bəlli deyil. Bu, özünü baş məşqçi məsələsində də büruzə verdi.

İllərlə futbol camiəsi, mətbuat olaraq AFFA-nın yarıtmaz, hətta bəzən axmaq adlandıra biləcəyimiz qərarlarıyla mübarizə apardıq, əhəmiyyəti olmadı, nəhayət, seçkidə rəhbərlik dəyişdi, amma təəssüf…

Real dəyişən nəsə yoxdur.

Santuşun illik məvacibinin  1 milyondan yuxarı olduğu deyilir. Futbolçu potensialı, infrastruktur formalaşdırmadan bu cür populist addım atmaq nəyə lazım idi?

Uğursluq ehtimalı böyük olan bu istiqamətdən geri dönmək də maddi təzminat hesabına başa gələcək.

Bilmək olarmı, əvvəlki rəhbərliyin özbaşına verilən qərarlarına oxşar qərarlar niyə verirsiniz?

Məsuliyyət..?

Yeri gəlmişkən, bütün bu olanlar ölkə futbolunun ən uğurlu personası Qurban Qurbanovun gözü qarşısında baş verir. O, yeni rəhbərliyin İcraiyyə Komitəsində təmsil olunur.

Və…

Bu gün “qol.az” xəbər verir ki, Qurbanov Santuşun təyinatı ilə bağlı İK-nin onlayn iclasına qatılmayıb.

Bu nə anlama gəlir? 

Böyük ehtimalla, Qurbanov bunu etik amillə əlaqələndirəcək. Yəni klub baş məşqçisinin milliyə baş məşqçi seçimində mövqe sərgiləməsi və s.

Hər halda, Qurbanov şəxsən bunu açıqlayanadək, nəzəri şablonla bu məsələ belə anlaşılır.

Lakin ictimaiyyət bu xəbərə ayrı reaksiya verir: bu da etirazın bir növüdür və s.

Ola bilərmi? Bəli. Amma etirazın belə forması faydasız olar. Həm Qurbanov İK-da klub baş məşqçisi kimi deyil, futbol mütəxəssisi qismində təmsil olunur. Fəal mövqe sərgiləməməsi futbolumuz üçün deyil, özü üçün məqbul ola bilər yalnız…

Qurbanov İK-da  milli komandalarla bağlı danışa biləcək, yön verə biləcək yeganə adamdır. O da bu həssas məqamda iştirakçı olmaqdan imtina edirsə…

OK, deyək ki, milli ilə bağlı məsələyə qarışmır, təklif etdiyi fikirlər də icra edilmir.

Bu nə vəziyyətdir?!

İndiki AFFA rəhbərliyi onu mənasız addımlarına “sipər” kimi istifadə etməkçünmü İK-yə pərçimləyib?

Bütün bu labirintal mənasızlığın daha da dərinləşəcəyi artıq aşkar sezilir.

Qurbanov bu məsələlərdə “neytral mübarizə” mövqeyi seçibsə, bu da doğru deyil.

AFFA yenə həminkidir – mətbuatla, ictimaiyyətlə hesablaşmır, öz bildiyi kimi hərəkət edir. Madam ki, hazırkı isteblişmentdə yeganə nüfuzlu futbol adamı Qurbanovdur, onda məhz o ən fəal mövqe sərgiləməlidir.

Əvvəlki rəhbərliyin xəyanətkar mövqeyinə görə neytral mövqeyə çəkilən Qurbanovun seçimi anlaşılır və dəstəklənirdi. İndi isə onun neytralizasiyası zərərli ola bilər, etməməlidir.

Elə uzun zaman sayılmasa da, yeni AFFA rəhbərliyi irili-xırdalı bütün addımlarda nöqsanlı, səriştəsiz olduğunu bariz göstərdi. Ən pisi odur ki, “bildiyi kimi” də gedir…

Qarşısı alınması, istiqamətin dəyişməsi üçün mexanizm yoxdur. Sivil ortamlarda bu, fikir elitası və mətbuat hesabına baş tutur, lakin bu rəhbərlik başqa fikirlərə açıq deyil. Ümumiyyətlə, bu rəhbərliyin ideya birliyi görünmür…

Qurbanovun neytrallığı da davam etsə, onda yeni AFFA-nın uğurlu olacağı ehtimalına salavat çəkə bilərik…

Elçin Cəlilov