Albaniyada 1:3 hesablı məğlubiyyətdən sonra əksəriyyət yenə qəzəbli idi, millinin gələcəyini qarğımaqla stress atırdı. “FutbolPress” isə bu dəfə fərqli yanaşma təqdim etdi.
Milli uduzsa da, oyununda xarakter, dirəniş kimi elementlərin olduğunu qeyd etmiş və məğlubiyyətə rəğmən yaxşı oynadığımızı qeyd etmişdik. Qazaxıstanla oyunda məhz xarakter barədə qeydimiz öz təsdiqini tapdı – 0:2 hesabıyla məğlubiyyəti 3:2 hesablı qələbəyə çevirməyi bacaran milli komanda bununla gələcəyin daha yaxşı olacağına işarə verdi.
Millinin kadr potensialı nəticələrə uyğun deyil – dəfələrlə bu haqda qeyd etmişik. Sadəcə, intizam, sağlam mühit, ruh – bu kimi keyfiyyətlərin olmadığı mühitdə nəticə də olmazdı.
AFFA-da hakimiyyət dəyişikliyi bu mənada fərq yaradıb. İndi milli komandanın içi və ətrafı anti-milli ab-havada deyil. Hiss olunur…
Macarıstanda oyuna “Koroğlu” üverturasının sədaları altında çıxmaq incə və maraqlı fikir idi. Bu cür xırda detallarda gizlənir uğurlar. Gələcəkdə bu kimi məsələlərdə daha da diqqətli davranılsa… milli özünü MİLLİ kimi hiss edər.
Birləşmək, birlik ruhu yaratmaq üçün Çörçilə ehtiyac yoxdur, özümüzdə az deyil…
Elçin Cəlilov