3×3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində qalib olub. Bununla da yığmamız 22-25 avqust tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokun final mərhələsinə vəsiqə qazanıb. Mill komanda turnirdəki ilk oyununu Ermənistana qarşı keçirib və rəqibi üzəridə 21:9 hesablı qələbə qazanıb.
Komandanın üzvü Amil Həmzəyev “FutbolPress”ə açıqlamasında bu qələbənin onlar üçün əlavə motivasiya olduğunu qeyd etdi:
“Ermənistanla matç üzərimizdə hər hansı psixoloji gərginlik yaratmırdı. Lakin komanda olaraq bu oyuna xüsusi məsuliyyətlə yanaşırdıq. Oyuna ancaq və ancaq qələbə üçün çıxmışdıq. Ona görə bütün diqqətimizi bu oyuna kökləmişdik. Qələbə qazandıq. Ermənistan üzərində qazanılan qələbə bizə xüsusi motivasiya verdi. Düşünürəm ki, rəqib üzərindəki üstünlük bizim daha da psixoloji baxımdan irəliləməmizə səbəb oldu”.
Həmzəyev final oyununda müdafiə sarıdan çətinlik yaşadıqlarını qeyd etdi:
“Digər oyunlarda da komandanın çıxışını yaxşı saymaq olar. Düzdür, Azərbaycanda mövsüm yeni bitmişdi, müəyyən qədər yorğunluq var idi. Turnirə köklənmək baxımından çətinlik yaşaya bilərdik, lakin bunu da uğurla keçə bildik. Yaxşı təlim-məşq toplanışımız olmuşdu. Yoldaşlıq görüşlərində özümüzü yaxşı tərəfdən göstərə bildik. Düzdür, Kiprlə final oyununda müdafiəni yaxşı qura bilmədik. Amma hücumda həmin çatışmazlıqları aradan qaldırdıq və qələbə qazandıq”.
Məlik Məlikov