Bu gün beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan Qazaxıstanla qarşılaşacaq. Hər iki komanda keçirdiyi son yoxlama oyununda məğlub olub. Belə ki, Azərbaycan Albaniya (1:3) ilə, Qazaxıstan isə Ermənistanla (1:2) matçdan məğlub ayrılıb.
Azərbaycan və Qazaxıstan milliləri baş məşqçi sarıda da eyni taleyi yaşayırlar. Belə ki, adıçəkilən yığmaları matçlara baş məşqçilər deyil, sabiq çalışdırıcıların köməkçiləri çıxarır. Azərbaycan yığmasında komandanı məşqçi Arif Əsədov idarə etdiyi halda, Qazaxıstanda bu posta rəhbərlik Ruslan Baltiyevdədir. Düzdür, qazaxlar rusiyalı mütəxəssis Stanislav Çerçesovla müqavilə imzalayıb, lakin o, yoxlama oyunlarından sonra işinə başlayacaq.
Bu gün keçiriləcək matç komandalar arasındakı 12-ci qarşılaşma olacaq. Bu günə qədər 11 dəfə üz-üzə gələn kollektivlərin duelində üstünlük Qazaxıstandadır. Belə ki, rəqib meydanı 5 dəfə qalib tərk etdiyi halda, Azərbaycan 3 dəfə qələbəyə sevinib. 3 matçda isə bərabərlik qeydə alınıb. Yığmalar sonuncu dəfə UEFA Millətlər Liqası çərçivəsində qarşılaşmış və De Byazinin rəhbərliyi dövründə milli 3:0 hesablı qələbə qazanıb.
Ümumilikdə, Azərbaycan millisi son 5 matçının 2-də qalib gəlib. Yığmamız Bakıda İsveçi 3:0, Monqolustanı isə 1:0 hesabı ilə məğlub etmişdi. Bolqarıstanla bərabərə qalan yığma, Belçika və Albaniya ilə bacarmamışdı. Rəqibimiz isə son 5 oyunda 1 dəfə qələbəyə sevinib. Digər 4 matçla meydanı məğlub tərk edib.
Milli komandanın ümumi dəyəri 13.2 milyon avrodur. “Transfermarkt”ın dəyərləndirməsinə görə yığmanın ən bahalı oyunçusu Ramil Şeydayev və Emin Mahmudovdur – 1.2 milyon avro. Qazaxıstan milli komandasının heyətinin ümumi dəyəri isə 16.4 milyon avrodur. Komandanın ən bahalı futbolçusu “Zenit”də çıxış edən Nurali Alipdir. “Transfermarkt” onu 3 milyon avro qiymətində dəyərləndirir.
Azərbaycan Qazaxıstanla iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda qarşılaşacaq. Matç 18:00-da start götürəcək.
Məlik Məlikov