Azərbaycan boksçusu Malik Həsənov (63.5 kq.) Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində uğurlu çıxış edərək Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Həsənov “FutbolPress”ə açıqlamasında lisenziya turnirinə yaxşı hazırlaşdığını qeyd etdi:
“Şükürlər olsun ki, Olimpiya Oyunlarına lisenziya qazandım. Buna görə çox şadam. Tarixi qələbədir. II Dünya Olimpiya Təsnifat Turniri çətin keçdi. Mənim çəkimdə 80 ölkə 5 lisenziya uğrunda mübarizə aparırdı. Sevinirəm ki, mən də lisenziya qazandım. Biz daha öncədən Tailanda səfər etmişdik. Burada texniki-taktiki cəhətdən yaxşı hazırlıq keçdik. Sınaq döyüşləri keçirdim. Turnirdə 4 güclü rəqiblə qarşılaşdım və hər birini məğlub etdim. Hazırlıq və özünəinam sayəsində çətin rəqiblər üzərində asan qələbələr qazandım”.
Müsahibim II Dünya Olimpiya Təsnifat Turnirindən əvvəl də özünü Avropa çempionatında yaxşı tərəfdən göstərdiyini dilə gətirdi:
“Olimpiya Təsnifat Turnirinə yollanmazdan əvvəl Avropa çempionatında üçüncü oldum. Düzdür, rəhbərlik və bütün bokssevərlər də bunu təsdiq edər ki, hakimlərin səhvləri ucbatından finala çıxa bilmədim. Orada da 4 döyüş keçirdim. Avropa çempionu və qitə çempionatının gümüş medalçısını məğlub etdim, yarımfinalda moldovalı idmançıya da qalib gəlmişdim, lakin hakim səhvi nəticəsində döyüşdə qələbə qazana bilmədim. Qitə yarışında özümü yaxşı mənada təsdiq etdim. Qısa fasilədən sonra Olimpiya Təsnifat Turnirinə yollandım. Polşalı, şimalı koreyalı, yaponiyalı və güclü kolumbiyalı rəqibimi üstələyib, olimpiadaya vəsiqə qazandım”.
Təmsilçimiz Parisdə yalnız qızıl medal qazanmağı hədəfləyib:
“Olimpiya Oyunlarında məqsədim yalnız qızıl medal qazanmaqdır. Parisdə çempion olub, Himnimizi səsləndirmək istəyirəm. İlk lisenziya turnirində bəzi səbəblərə görə iştirak edə bilmədim. Amma Avropa çempionatında və lisenziya turnirində tarix yazdım. İnşallah, növbəti tarixi Parisdə yazacağam. Olimpiya Oyunlarında hər kəs məndən yüksək nəticə gözləyir. Federasiya, Gənclər və İdman Nazirliyi mənə inanır. Mən də özümə güvənirəm. Qarşıdakı məşqlərdə də bütün səhvlərimizi ortadan qaldırıb, Olimpiya Oyunlarında tarix yazacağam. Qızıl medal hədəfimdir”.
Məlik Məlikov