Azərbaycan minifutbol milli komandası Avropa çempionatının ilk turunda Belçikanı 3:0 hesabı ilə məğlub etdi.
Yığma komandanın baş məşqçisi Elşad Quliyev “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşüb:
“Belçika zəif komanda deyil. Çətin oyun alındı. Futbolçularım yaxşı performans göstərdilər. Rəqibi yaxından tanımırdıq. İlk dəqiqələrdən onları müşahidə etməyə çalışırdıq. Buna görədir ki, ilk dəqiqələrdən qol vura bilmirdik. Düzdür, oyun başlayan kimi qol vurmaq üçün şanslarımız oldu, lakin yararlana bilmədik. Şükürlər olsun sonda 3:0 hesabı ilə qələbə qazandıq. İkinci hissədə daha yaxşı mübarizə apardıq. Futbolçularıma təşəkkür edirəm, əllərindən gələni etdilər”.
Mütəxəssis bu gün İtaliyaya qarşı keçiriləcək qarşılaşma barədə gözləntilərini bölüşdü:
“Ardıcıl ikinci qələbəni qazanmaq istəyirik. Rəqib İtaliyadır. Avropa çempionatında zəif rəqib olmur. Düşünürəm ki, çətin olsa da, qələbə qazanmağı bacaracağıq”.
Məlik Məlikov