Azərbaycan Kubokunun finalı çərçivəsində keçiriləcək “Qarabağ” – “Zirə” oyunundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:
– Azarkeşlər üçün baxımlı oyun olmağını arzu edirəm. Ciddi rəqibə qarşı oynayacağıq. Onlara qarşı oynamaq asan deyil. Yaxşı formadadılar, ikinci yeri tutdular. Böyük nəticədir. Rahat oynayacaqlar bu oyunu. Dəfələrlə demişəm ki, kubok başqa prestijdir. Yaxşı hazırlaşmışıq. Baxmayaraq ki, futbolçular evlərinə getmək istərdi, amma onları oyuna hazırlamağa çalışdıq.
– “Zirə” ikinci olaraq Avropa Liqasına getməyi təmin edib. Bu final öncəsi sizin üçün problem ola bilər?
– Ola bilər. Bundan əvvəl onlarla qarşılaşmışıq, penallarda qalib gəldik. O vaxtı “Zirə” üçün də qələbə lazım idi. Belə oyunlarda Rəşad Sadıqov nəticəyə oynamağa bacarır. İmkan vermir rəqib istədiyini meydanda qoysun. İkinci olublar, bu onların meydana rahat çıxmağına səbəb ola bilər. Hər komanda titul qazanmaq istəyir.
– Penaltilərə hazırlaşmısınız?
– Buna psixoloji hazırlaşmağı məsləhət görmüşük.
– Finalların taleyində nə rol oynayır?
– Kubok oyunlarına fərqli yanaşıram. Ən gözlənilməz nəticələr kuboklarda olur. Bəzən finallarda düşünmədiyimiz nəticələr olub. Bu bütün çempionatlarda belədir. Almaniya Kuvokunda II Liqa komandası final oynadı. Belə oyunlarda futbolçuları psixoloji hazırlamağa çalışıram. Sərbəst, soyuqqanlı oynamaq lazımdır. Qarşımızdakı rəqib də istəklidir.
– Axşam Çempionlar Liqasının finalında “Real” çempion olsa, “Qarabağ” ÇL-də ikinci təsnifat mərhələsindən başlaya bilər. Kimə azarkeşlik edəcəksiniz?
– Qarabağ”a azarkeşlik edəcəm (gülür). Layiq olan qalib gəlsin. Hər zaman özümüz mərhələ keçməyə çalışmışıq. Amma bizim üçün xeyirli nədir, o olsun. Sadəcə ikinci mərhələ bizim üçün istirahət baxımından yaxşıdır.
– Qapıda hansısa rotasiya ola bilər?
– Oyundan əvvəl kiminsə olacağını heç vaxt deməmişəm, amma üstünlük Lunyovdadır.
Məlik Məlikov