“Başqa şeyləri düşünmək yox, oyuna köklənmək vacib idi” (MÜSAHİBƏ)

“Sabah”ın futbolçusu Tellur Mütəllimovun “FutbolPress”ə müsahibəsi:

– Mövsümü üçüncü pillədə tamamladınız və avrokuboklara vəsiqə qazandınız. Çıxışınızı necə şərh edərdin?
– Maraqlı  mövsüm keçdi. Bütün ili yaxşı oynadığımızı deyə bilmərəm. Buna baxmayaraq, son turlara qədər avrokubok şansımızı saxladıq. Komanda olaraq özümüzdə güc tapdıq və vacib qələbələr sayəsində avrokuboklara vəsiqə qazandıq. .

– Axırıncı turda “Neftçi” ilə oyunda (1:0) son dəqiqələrdə bütün məsələlərə aydınlıq gətirdiniz. Oyunun sonlarına yaxın həyacan necə idi? Ümidlidizmi hələ də?
– Komandada hər futbolçu peşəkardır. Belə anlarda başqa şeyləri düşünmək yox, oyuna köklənmək vacib idi. Hamı oyuna qələbəni düşünərək üçün çıxmışdı.

– Komanda mövsümün gedişinə eniş yaşadı. Baş məşqçi dəyişikliyindən sonra yaxşı nəticələr gəldi. Renduliç komandada əsas nəyi dəyişdi?
– Dəyişikliklər futbolun bir parçasıdır. Təəssüf ki, mövsümü eyni tempdə keçirə bilmədik. Baş məşqçimiz də, biz də yaxşı olacağına inanırdıq. Uğurda hamının payı oldu.

– Ümumi mövsümdəki çıxışınıza 10 bal üzərindən neçə xal verərsiniz?
– Hər hansı balla dəyərləndirmək çətindir. Əsas nəticədir və sonda hədəfimizə çatdıq. Buna görə müsbət olduğunu düşünürəm.

– Öz oyununu necə qiymətləndirirsən?
– Məncə, buna azarkeşlər və məşqçilər qiymət versə, daha yaxşı olar. Komandaya kömək etmək üçün əlimdən gələn hər şeyi etmişəm. Ümid edirəm ki, yaxşı alınıb.

– Səhv etmirəmsə, müqavilən başa çatır. Yeni sözləşmə olacaq?
– Bəli, müqaviləm başa çatır. Hazırda nəsə deyə bilmərəm. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək.

– Millinin Albaniya və Qazaxıstanla yoldaşlıq oyunlarına dəvət almadın. Bu haqda fikirlərin nədir?
– Millidə olmaq hər oyunçu üçün fəxrdir. Əlbəttə, istəyərdim ki, heyətə düşüm. Ancaq qərarı məşqçilər verir və onların fikrinə hörmətlə yanaşıram. Milliyə uğurlar arzu edirəm.

Şahin Cəfərov