II Liqada mövsüm başa çatıb. “Baku Sportinq”in çempion olduğu turnirdə “Cəbrayıl” ikinci, “Şahdağ Qusar” isə üçüncü pillədə qərarlaşdı. Reqlamentə əsasən, çempion I Liqaya vəsiqə qazandığı halda, gümüş medalların sahibi, I Liqada 9-cu yeri tutan komanda ilə pley-off matçına çıxacaq. Son tura qədər pley-off şanslarını özündə saxlayan “Şahdağ Qusar” bir xal fərqlə bu imlandan məhrum oldu.
Qusar təmsilçisinin kapitanı Rahid Əmirquliyev “FutbolPress”ə açıqlamasında gözlənilməz xal itkilərinə görə I Liqa şansının əldən çıxdığını dedi:
“Çempionatı üçüncü sırada başa vurduq. Lakin hədəf çempionluq idi. Təəssüflər olsun, istəyimizə nail ola bilmədik. Bəzi oyunlarda gözlənilmədən xal itirdik, müəyyən səhvlər etdik ki, bu da sonra qızıl medalların əldən çıxmasına səbəb oldu. Çempionluğa oynayırdıqsa, bu xalları itirməli deyildik. Düzdür, sona qədər pley-off şanslarımızı saxladıq, lakin alınmadı. Bir sözlə, ili üçüncü yerdə başa vurduq, mükafat qazandıq. Amma hədəfimiz bürünc medallar yox, çempionluq idi. I Liqaya vəsiqə qazanmaq istəyirdik”.
Əmirquliyev növbəti mövsümdə də hədəfin dəyişməyəcəyini bildirdi:
“I Liqanın formatında dəyişiklik olmasa, yenə də II Liqada mübarizə aparacağıq. Növbəti il üçün daha ciddi hazırlaşacağıq. Hədəfimiz dəyişməz olaraq qalacaq – çempionluq. Bu il etdiyimiz səhvlərdən nəticə çıxarıb, gələn il daha yaxşı çıxış etməliyik”.
Məlik Məlikov