APL: avrokubok üçün son duellər, Tovuzda derbi, “Qarabağ” üçün mükafat günü

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu turuna start veriləcək. Çempionun turlar öncə bəlli olduğu yarışda günün oyunlarından sonra gümüş medalların sahibinin və avrokuboklara vəsiqə qazananların adına aydınlıq gələcək.

 

Hazırda ikinci sırada qərarlaşan “Neftçi” azarkeşləri önündə “Sabah”ı qəbul edəcək. Qələbə qazanan tərəf avrokuboklara vəsiqəni təmin edəcək. Digər matçda “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni sınağa çəkəcək.

Çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Tovuzda isə son tur “Qərb derbisi”nə şahidlik edəcək. “Turan Tovuz” fanatları önündə “Kəpəz”i qəbul edəcək.

Zirə – Səbail
Əvvəlki oyunlar: 2:1, 2:2, 0:0

“Zirə” qələbə qazanacağı halda avrokuboklara vəsiqəni təmin edəcək. Turnir cədvəlində üçüncü sırada qərarlaşan “qartallar” ikinci pillədəki “Neftçi”nin xal itirməsiylə mövsümü gümüş medalla başa vurmaq ehtimalı var. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu mövsüm “dənizçilər”ə məğlub olmayıb. İddialı və daha arzulu olan “Zirə” görüşün favoritidir.

“Səbail” son turların uğursuz komandasıdır. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv ardıcıl dörd oyundur, məğlub olur. Turnir cədvəlində yeddinci sıraya qərarlaşan “Səbail” mövsümü yaxşı başa vurmağı hədəfləyir. Qələbə komandanı bir pillə irəliləməsinə səbəb ola bilər. Son günlərdə kuluarlarda “dənizçilər”lə bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Diniyevin ayrılacağı, büdcənin azaldılacağı iddia edilir. “Səbail” qələbə qazanaraq, söhbətləri səngitmək istəyindədir.

Neftçi – Sabah
Əvvəlki oyunlar: 1:1, 0:1, 0:0

İkinci sırada qərarlaşan “Neftçi” gümüş medal hədəfinə çatmaqçün mütləq qələbə qazanmalıdır. Xal itiriləcəyi halda, “üçlük” əldən çıxa bilər. Miodraq Bojoviçin komandası fanatları önündə son turu yaxşı nəticə ilə başa vurmaq istəyir. “Neftçi” bu mövsüm qeyri-stabil oyun sərgiləyir. Rusiyalı mütəxəssisin də komandadakı taleyi sual altındadır. Bojoviç ikinci sıra hədəfinə çatsa, rəhbərlikdən yeni şans qazana bilər.

Mövsümü uğursuz keçirən, ancaq baş məşqçi postuna Krunoslav Renduliçin gəlişindən sonra toparlanan və “beşliy”ə daxil olan “Sabah” avrokuboklar üçün qələbə qazanmalıdır. Heç-heçə də komandaya sərf etmir. “Neftçi” səfərində təzyiq altında olacaq komandanın situasiyadan necə çıxacağı sual altındadır. Renduliç qarşısına qoyulan ikincilik hədəfinə çatmaqçün “silah arealı”nı meydana atacaq.

Sumqayıt – Qəbələ
Əvvəlki oyunlar: 2:1, 0:0, 1:0

Ötən tur “Sabah”a uduzaraq avrokubok şansını rəqiblərin də oyunlarından asılı edən “Sumqayıt” sonuncu oyununu azarkeşləri önündə keçirəcək. Autsayder “Qəbələ” ilə görüş “kimyaçılar” üçün ən kritik oyun olacaq. Vəziyyət elədir ki, “Sumqayıt” qələbə qazansa belə avrokuboklara düşməyə bilər. Yaxşı nəticə üçün isə “Zirə”, “Sabah” və ya “Neftçi” xal itirməlidir.

“Qəbələ”nin elitanı tərk etməsi dəqiqləşib. AFFA İcraiyyə Komitəsinin qərarından sonra ardıcıl qələbələr qazanan “qırmızı-qaralar” üçün lazımsız üç xallar komandanın mövqeyini dəyişməyəcək. “Qəbələ” son turları rahat keçirdiyi marafonda istədiyi nəticəni əldə edə bilir. Buna qədər “Sabah”ı, “Səbail”I avrokubok yarışında büdrətməyi bacaran “qırmızı-qaralar” Sumqayıt səfərində də asan təslim olmayacaq.

Turan Tovuz – Kəpəz
Əvvəlki oyunlar: 2:0, 4:0, 1:2

Komandaların bu mövsümkü dullerində üstünlük tovuzlulardadır. Bu gün də meydan amili onlardan yana olacaq və qazanılacaq qələbə istirahətöncəsi oyunçular üçün əlavə motivasiya olacaq. Tovuz klubu son beş oyunda cəmi bir qələbə qazanıb. Dörd oyunda meydanı xalsız tərk edən və azarkeşlərin qəzəbinə tuş gələn “Turan Tovuz” son oyunda yalnız qələbə hədəfləyir.

“Kəpəz” də rəqibi kimi uğursuzluqla yadda qalır. Son üç oyunda qələbə qazana bilməyən gəncəlilər mövsümün son oyununda həm əzəli rəqibini məğlub etmək, həm də ili xoş başa vurmaq arzusundadır. Bu, bəzi oyunçular üçün də “Kəpəz” formasıyla son matç ola bilər. Artıq bir neçə futbolçunun ayrılacağı xəbərləri gəlir. Təm “Turan Tovuz”, həm də “Kəpəz” iddiası qalmasa belə, sonuncu oyunda qələbə ilə azarkeşlərin rəğbətini qazanmaq istəyir.

Araz-Naxçıvan – Qarabağ
Əvvəlki oyunlar: 1:2, 2:1, 1:3

“Araz-Naxçıvan” Elmar Baxşıyevin baş məşqçi postuna gəlişindən sonra da uğursuz seriyadadır. Komanda son altı oyunda cəmi bir qələbə qazanıb. Çempion qarşısında da yaxşı nəticəyə ümid edən azdır. Mütəxəssis komandanı pis durumdan çıxarmaq üçün gəlsə də, nəticəni dəyişə bilmədi. Son oyundan sonra rəhbərliklə görüş olacaq və Baxşıyevin taleyinə aydınlıq gələcək.

“Qarabağ” isə bu gün mükafatına qovuşacaq. “Araz-Naxçıvan”la oyundan sonra komandaya kubok və medallar təqdim olunacaq. “Atlılar” qələbə qazanıb, mükafatlandırma mərasiminə daha xoş əhvalda yollanmaq istəyir.

Şahin Cəfərov