Sabah Azərbaycan Premyer Liqasında son tura start veriləcək. Belə ki, ilk oyun günü 3 qarşılaşma keçiriləcək. “Neftçi” “Sabah”ı, “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək. Bütün matçlar 19:00-da start götürəcək. “Neftçi” – “Sabah” qarşılaşması isə daha gözləniləndir. Digər görüşlərin nəticələrindən asılı olaraq “Sabah” və ya “Neftçi” avrokubok mübarizələrindən kənar qala bilər.
Milli komandanın sabiq üzvü Əfran İsmayılov “FutbolPress”ə matçla bağlı gözləntilərini bölüşdü:
“Neftçi” – “Sabah” oyunu haqda proqnoz vermək çətindir. Maraqlı oyun olacaq. Hər iki komanda formadadır. Gücləri bərabərdir. “Neftçi”nin az da olsa üstünlüyü var, çünki rəqibi meydanında qəbul edir. Amma yenə də bu matç finala bərabər olacaq. Bundan əlavə, digər qarşılaşmalar da maraqlı olacaq. Nəzərə alsaq ki, “Sumqayıt” və “Zirə”nin də avrokubok şansları var. Uzun zamandır belə maraqlı son tur izləmirdik. “Zirə”nin də şanslar yüksəkdir. Çünki “Səbail”in çempionatda iddiası qalmayıb. İnanıram ki, “Zirə” bu qarşılaşmada qələbə qazanacaq. Həmçinin baxmayaraq ki, “Qəbələ” son turlarda qələbə qazanır, lakin “Sumqayıt”la matçda büdrəyəcəklərini düşünürəm. “Sumqayıt” bu şansı əldən verməz. “Zirə”nin ölkə kubokundan avrokuboklara vəsiqə qazanmaq şansı var, lakin düşünürəm ki, çətin olacaq. “Qarabağ”ı məğlub etmək asan deyil. Bütün komandalara uğurlar arzu edirəm. Təki qazanan Azərbaycan futbolu olsun”.
Hazırda çempion “Qarabağ”ın aktivində 82 xal var. “Neftçi” 56 xalla ikinci, “Zirə” və “Sabah” isə 55 xalla müvafiq olaraq üçüncü, dördüncü pillələri bölüşürlər. “Sumqayıt” isə 54 xalla beşincidir.